“Azərbaycanda bir çox sahədə ciddi addımlar atılır və mərhələli şəkildə bütün qurumlarda çalışan dövlət qulluqçularının, ayrı-ayrı dövlət məmurlarının, həkimlərin, müəllimlərin maaşları artırılır. Bu artımlar mərhələli şəkildə bütün sahələri əhatə edəcək. Bu baxımdan Milli Məclisin deputatlarının maaşlarının artırılması təklifi də həmin prosesin tərkib hissəsidir”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov millət vəkillərinin maaşlarının artırılması barədə məsələyə münasibət bildirərkən deyib.
“Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, parlament sədrinin aylıq vəzifə maaşı artırılır.
Milli Məclis sədri hazırda qüvvədə olan qanuna əsasən, 2475 manat maaş alır, indi həmin məbləğin 3550 manata qaldırılması təklif edilir.
Hazırkı qanunvericiliyə əsasən, Milli Məclisin sədri 2475 manat miqdarında aylıq vəzifə maaşı alırdı.
Milli Məclis sədrinin birinci müavini Milli Məclis sədrinin aylıq vəzifə maaşının 90 faizi, Milli Məclis sədrinin müavini – 85 faizi, Milli Məclisin komitə və komissiya sədri – 80 faizi, Milli Məclisin komissiya sədrinin müavini – 75 faizi, Milli Məclisin deputatı isə Milli Məclis sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında aylıq vəzifə maaşı alacaq.
Milli Məclisin sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.
Deputatların maaşlarının artırılması məlumatı sosial şəbəkələrdə etirazla qarşılanıb.
Ceyhun Məmmədov hesab edir ki, deputatların maaşının artımına zərurət və ehtiyac var idi.
“Bu gün deputatlıq fəaliyyəti ilə məşğul olmaq üçün kifayət qədər vəsaitə ehtiyac var. Biz müxtəlif rayonlara gedirik, vətəndaşlarla görüşürük. Hər dəfə gedib-gəlmək xərclərini, hotel xərclərini nəzərdən keçirdikdə görürük ki, deputatlıq fəaliyyəti üçün kifayət qədər vəsaitə ehtiyac var. Biz vətəndaşların əməliyyat və digər problemlərinin həlli üçün deputatlara müraciət etdiklərinin də şahidi oluruq”, – deyə Ceyhun Məmmədov əlavə edib.
Parlamentari bildirib ki, deputatlar hər zaman Vətən müharibəsi şəhidlərinin ailələrinin, qazilərinin, müharibə veteranlarının yanındadırlar.
“Hesab edirəm ki, gediş-gəliş xərclərinin, qalmaq xərclərinin qarşılanması baxımından deputatların maaşlarının artırılması normaldır. Cəmiyyət bunu normal və sağlam formada qəbul etməlidir, buna normal yanaşmalıdır. Reaksiyalar adekvat olmalıdır. Çünki digər sahələrdə çalışanların da maaşları mərhələli şəkildə artırılacaq”, – deyə Ceyhun Məmmədov fikrini yekunlaşdırıb.
Onu da xatırladaq ki, Milli Məclis tətilə buraxıldığı vaxt deputata məzuniyyət verilir. Məzuniyyətdə olduğu zaman deputatlara müalicə olunmaq və istirahət üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.
Aqşin Kərimov
www.RIA24.az