Rafiq Hüseynov: “Zədələnib güləşməməyim mənim üçün fürsət oldu”

İdman

“Ötən ay Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışında olarkən zədə aldım. Bu səbəbdən də Romaya getməmişəm”.

Bunu Oxu.Az-a yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu Rafiq Hüseynov deyib.

Sabah İtaliyanın paytaxtı Romada Matteo Pellikone adına reytinq turniri keçiriləcək. Yunan-Roma güləşində öz çəkiləri üzrə reytinqdə birinci olan son Avropa üçüncüsü Sənan Süleymanovla (77 kq) və son Avropa çempionu Rafiq Hüseynov (82 kq) yarışa bilməyəcək.

34 yaşlı Rafiq bildirib ki, yarışda iştirak etməməsi zədə ilə bağlıdır:

“Dizin yan bağlarında üçüncü dərəcəli yırtıq əmələ gəldi. 20 gündür ki, Reabilitasiya İnstitutunda müalicə alıram. Sağalmağa doğru gedir. Yalnız fiziki məşqlər edirəm. Ona görə də məsləhət oldu ki, bu yarışı buraxım”.

“Bu yarışı güləşmədim deyə, İslam Oyunlarında mənə çətin olacaq deyə düşünmürəm. Çünki artıq kifayət qədər təcrübəm var. Həm də son bir il ərzində ardıcıl bir neçə yarışda güləşmişəm. Əksinə, fikirləşirəm ki, bu yarış güləşməməyim mənim üçün fürsət oldu. Psixoloji cəhətdən bir az rahatlandım, istirahət etdim, beynim dincəldi. İyulun 2-dən milli komanda ilə birgə Göygöldə təlim-məşq toplanışına qatılıb İslamiadaya hazırlaşacağam”.

Onu da bildirək ki, Sənan Süleymanovun da bu yarışda iştirak etməməsi qabırğasında olan zədə ilə bağlıdır.

Səbuhi Musa

www.RIA24.az

Spread the love