
Bakı. Trend:
Latviya Ticarət və Sənaye Palatası Orta Dəhlizlə bağlı
infrastruktur və xidmət layihələri çərçivəsində Azərbaycanla
əməkdaşlıq üçün açıq potensialın mövcud olduğunu hesab edir. Bu,
xüsusilə logistika qovşaqları, multimodal nəqliyyat həlləri, eləcə
də nəqliyyat və gömrük proseslərinin rəqəmsallaşdırılması kimi
istiqamətləri əhatə edir.
Bu barədə Trend-ə müsahibəsində Latviya Ticarət və Sənaye
Palatasının Aİ layihələri departamentinin direktoru Liqa Siçeva
bildirib.
O qeyd edib ki, iri həcmli birbaşa investisiyalara fokuslanmaq
əvəzinə, Latviya şirkətlərinin əsas marağı səmərəliliyi, şəffaflığı
və nəqliyyat marşrutları arasında əlaqəliliyi artıran təcrübə,
əməliyyat ekspertizası və xidmət həllərinin təqdim
olunmasındadır.
“Eyni zamanda, bu cür əməkdaşlıq real tələbatı nəzərə aldıqda,
eləcə də proqnozlaşdırıla bilən tənzimləyici çərçivələr və
sadələşdirilmiş prosedurlarla dəstəkləndikdə daha səmərəli olur.
Azərbaycanın əsas tranzit ölkə kimi rolu ilə Latviyanın logistika,
liman əməliyyatları və rəqəmsal həllər sahəsindəki təcrübəsini
birləşdirməklə Orta Dəhlizin rəqabət qabiliyyətini və dayanıqlığını
artıran praktiki layihələrin həyata keçirilməsi üçün böyük
potensial mövcuddur”, – deyə Siçeva bildirib.
Xatırladaq ki, Orta Dəhliz Asiyanı Avropa ilə birləşdirən və
regionun bir sıra ölkələrindən keçən nəqliyyat-ticarət marşrutudur.
Bu dəhliz ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativ kimi çıxış
edir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və
Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçir. Daha sonra
Xəzər dənizini, Azərbaycanı, Gürcüstanı və Türkiyəni keçərək
Avropaya çıxır. Orta Dəhliz daha uzun dəniz yollarını kənar qoyan
quru marşrutudur və Çin də daxil olmaqla Asiyanın şərq bölgələrini
Avropa ilə əlaqələndirir.

