
Bakı. Trend:
12 həftəyə qədər hamiləlik qadının istəyi əsasında pozula bilər.
Lakin dölün cinsiyyəti 12-ci həftədən sonra müəyyənləşir. 12-ci
həftədən sonra selektiv abort edildikdə, həkim də burada məsuliyyət
daşıyır.
Bunu Trend-ə
müsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri Təranə
Rəcəbli bildirib.
Onun sözlərinə görə, qadın 12-ci həftəyə qədər hamiləliyini
sonlandıra bilər, lakin 12-ci həftədən sonra hamiləliyin pozulması
üçün ciddi sosial və tibbi göstərişlər olmalıdır:
“Bu qərar həkim komissiyalarının rəyi əsasında həyata keçirilir.
2015-ci ildən Azərbaycanda diridoğulma meyarları dəyişib. Artıq 22
həftədən doğulan uşaqlar diridoğulma hesab edilir. Sosial
göstərişlər çərçivəsində hamiləliyin pozulmasına rəy verilə bilər,
əgər qadınla kişi boşanıbsa, qadının işi yoxdursa, evi yoxdursa və
müvafiq sənədləri təqdim edirsə. Tibbi göstərişlərə isə körpənin
həyatla uzlaşmayan tibbi qüsuru və ananın həyati təhlükədə olması
daxildir”, həkim qeyd edib.

