
Bakı. Trend:
Azərbaycan Avrasiya regionundan kapital ixrac edən əsas
ölkələrdən biridir.
Trend xəbər verir
ki, bu barədə Avrasiya İnkişaf Bankının (AAİB) hesabatında qeyd
olunub.
Hesabatda vurğulanır ki, Avrasiya regionu ölkələri kapitalın
fəal ixracatçıları kimi çıxış edirlər. 2025-ci ilin birinci
yarısının sonuna olan vəziyyətə görə, onların Asiya ölkələrindəki
birbaşa xarici investisiyalarının (BXİ) həcmi 56,6 milyard ABŞ
dollarına çataraq son bir il yarım ərzində 12,5% artıb.
“Avrasiya regionundan Rusiya, Azərbaycan və Qazaxıstan əsas
kapital ixracatçıları olaraq qalmaqdadır. Bu üç ölkənin payına
Asiya ölkələrinə yönələn bütün çıxış investisiyalarının demək olar
ki, tam həcmi düşür. Rusiyanın payı 72% təşkil edir ki, bu da onun
korporativ sektorunun miqyası və regiondan kənarda
elektroenergetika, emal sənayesi və infrastruktur sahələrində
tarixi mövcudluğu ilə izah olunur. Azərbaycan əsasən neft-qaz və
neft emalı sektorlarına yatırımlar hesabına çıxış BXİ-nin 23%-ni
təmin edir, Qazaxıstanın payı isə (4%) maliyyə xidmətləri və
daşınmaz əmlak inkişafı sahələrinə investisiyalar hesabına tədricən
genişlənir”, – deyə AAİB-də bildirilib.
Bundan əlavə, hesabatda qeyd olunur ki, Hindistan
investisiyaları əsasən Rusiya və Azərbaycanın neft-qaz sektorunda
cəmləşib.
AAİB analitikləri vurğulayırlar ki, Türkiyə Avrasiya regionu
ölkələrindən investisiya qəbul edən ən böyük ölkədir. Toplanmış
investisiyaların həcmi 44 milyard ABŞ dollarına çatıb ki, bu da
Türkiyənin Avrasiya regionu ölkələrinə yatırdığı investisiyaların
həcmindən (18,6 milyard ABŞ dolları) iki dəfədən çoxdur. Əsas töhfə
enerji və neft emalı sektorlarında fəaliyyət göstərən Rusiya və
Azərbaycan şirkətləri tərəfindən təmin olunur.
“Sahəvi stuktur baxımından Körfəz ölkələri əsas
investisiyalarını neft-qaz sektoruna və elektrik enerjisinə
yönəldiblər. Ümumi yatırımların təxminən 43%-i Türkmənistanda neft
hasilatı layihəsinin payına düşür, daha 35%-i isə Özbəkistan və
Azərbaycanda, əsasən bərpa olunan enerji mənbələri seqmentində
həyata keçirilən 29 elektrik enerjisi layihəsinə aiddir. Son
illərdə ərəb investorları aktivlərin şaxələndirilməsi imkanlarını
daha fəal şəkildə araşdırır, Azərbaycan, Gürcüstan və Ermənistanda
yeni investisiya istiqamətlərini nəzərdən keçirirlər”, – hesabatda
qeyd olunub.
Məlumata görə, 2025-ci ilin birinci yarısının sonuna olan
vəziyyətə görə, Səudiyyə Ərəbistanının Avrasiya regionu ölkələrində
topladığı investisiyaların həcmi 4,17 milyard ABŞ dolları
səviyyəsində qiymətləndirilir.
“Son bir il yarım ərzində artım 2 milyard ABŞ dollarından çox
olub ki, bu da regionda Səudiyyə şirkətlərinin investisiya
fəallığının kəskin yüksəldiyini göstərir. Səudiyyə Ərəbistanının
əsas investisiya istiqaməti Özbəkistandır – bütün toplanmış
yatırımların təxminən 93%-i bu ölkənin payına düşür. Sərmayelərin
qalan hissəsi isə Azərbaycana yönəlib”, – hesabatda bildirilir.
AAİB-də qeyd olunur ki, Azərbaycan Türkiyədən BXİ cəlb edən əsas
tərəfdaşlardan biridir.
“Buna həm coğrafi baxımdan eləcə də, iki dövlət arasında mövcud
olan siyasi və mədəni bağlılıq şərait yaradır. Türkiyənin
Azərbaycandakı (eləcə də bütün Avrasiya regionundakı) ən iri
investisiya layihəsi Şahdəniz yatağının işlənilməsidir. Bu layihədə
Türkiyənin TPAO şirkəti (Türkiye Petrolleri Anonim Ortaklığı) Xəzər
dənizinin cənub hissəsində qaz hasilatı və işlənməsi üzrə
beynəlxalq konsorsiumun iştirakçılarından biridir”,- deyə hesabatda
vurğulanır.

