Müdafiə Nazirliyi Kəlbəcər rayonunda yerləşən “N” saylı hərbi hissəyə mediatur təşkil edib.
“Report”un Qərb bürosunun Kəlbəcərə ezam olunan xüsusi müxbirinin verdiyi məlumata görə, məqsəd hərbi hissənin kazarma və postlarında yaradılmış şəraitlə tanışlıq olub.
Çətin relyefə və soyuq havaya baxmayaraq, burada xidmət edən hər bir zabit və əsgər yaradılmış şəraitdən razı olduğunu söyləyib.
Azərbaycan Ordusunun baş leytenantı Ülvi Vəlizadə deyib ki, xidmət etdiyi post relyef baxımından çətin ərazidə yerləşir:
“Qış aylarında burada şiddətli soyuqlar olur, qar yağır, lakin yaradılmış şərait hər bir hərbçi üçün arzuolunandır. Burada lazımi qida, geyim və digər vasitələrlə təmin olunmuşuq, Vətənin keşiyində qürurla dururuq, heç bir problemimiz yoxdur. Bizim üçün bu cür şərait yaradıldığına görə Ali Baş Komandana təşəkkür edirik”.
Azərbaycan Ordusunun əsgəri Gülbala Şaqavatov da Vətənin keşiyində durmağı qürurverici sayır:
“Ön xətdə, işğaldan azad olunmuş torpaqlarda xidmətdə olmaq mənim üçün başqa bir qürurdur. Tərxis olunmağıma bir neçə gün qalıb. Qida, geyim təminatı baxımından heç bir problemimiz yoxdur, zəruri olan hər bir şərait yaradılıb. Hazırda durduğumuz post ermənilərlə üzbəüz yerləşir və yüksəklikdədir. Qış aylarında hava şəraitinin soyuq və küləkli olmasına baxmayaraq, biz əzgərlər və komandir heyəti burada fəxrlə xidmət edir, Vətənin keşiyində daima ayıq-sayıq dururuq. Burada bizim üçün yaradılmış şəraitə görə təşəkkür edirəm, ailəmə və dostlarıma isə salam göndərirəm”.
Əsgər Nihad Qədimov bildirib ki, xidmət baxımından çətinlikləri yoxdur:
“Xaçmaz rayonundanam, doqquz aydır həqiqi hərbi xidmətdəyəm. Qalib ölkənin əsgəri olmaqdan qürür duyuram”.
Əsgər Elçin Abışov da yaradılan şəraitdən razıdır:
“Dövlət bizim üçün hər cür şərait yaradıb. Qulluq etdiyimiz post Vətənimizin işğaldan azad olunan ərazisində yerləşir. Bu bizim üçün xüsusi fəxrdir. Hər kəsə təşəkkür edirəm, ailəmə salam göndərirəm”.
Əsgər Vasif Süleymanlı söyləyib ki, xidmət etdiyi hərbi hissədə hərbi qulluqçular üçün bütün şərait yaradılıb:
“Yüksəklik səbəbindən havalar soyuq keçir. Buna baxmayaraq, kazarmanın istilik sisteminin olması bu problemi həll edir. Kəlbəcərdə xidmət etmək insana ayrı bir qürur hissi yaşadır. Erməni işğalına son qoyan ordunun əsgəri olmaqdan və azad edilən bu torpaqlarda xidmət etməkdən fəxr duyuram. Burada yemək-içmək, paltar və digər ləvazimatlar vaxtında çatdırılır, kazarmada hərbçi üçün gərəkən hər bir şərait yaradılıb”.
Qeyd edək ki, 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə təşkil olunmuş mediatur zamanı media nümayəndələri hərbçilərlə birgə nahar edib, onlarla həmsöhbət olub, xatirə şəkilləri çəkdiriblər.
Qeyd edək ki, Baku TV-nin əməkdaşları da həmin mediaturda iştirak edib, videoreportaj hazırlayıblar:
www.RIA24.az