Şair Ramaldanov: “Ordumuz regionun ən güclülərindən biri kimi sülhün qorunmasına töhfə verir” – MÜSAHİBƏ

Gündəm

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanovun Oxu.Az-a müsahibəsi: 

– Azərbaycan dövlət müstəqilliyinin qorunub saxlanılmasında Silahlı Qüvvələrimizin rolunu necə qiymətləndirirsiniz?

– Azərbaycan Ordusu çox çətin bir zamanda yaranmağa başlayıb. Sovetlər Birliyinin süqutundan və Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra işğala məruz qaldı. Həmin işğalçı qüvvələrin qarşısına çıxacaq mütəşəkkil ordu yox idi. Pərakəndə özünümüdafiə taborları yaradılmışdı və bizim qəhrəman oğullarımız düşmən işğalını dayandırmağa çalışırdı. Həmin şəraitdə mütəşəkkil mübarizə aparmaq çətin idi. Onlar böyük qəhrəmanlıq göstərərək, şəhidlər verərək yaşayış məntəqələrindən dinc sakinlərimizin çıxarılmasına nail oldular. Çətin dövrdən keçirdik və dövlət güclü idarəçilik qabiliyyətinə malik olmalı idi. Ancaq o zaman hakimiyyət üstündə gedən mübarizələr Qarabağ uğrunda gedən döyüşlərə çox mənfi təsir göstərirdi. Döyüşlərin mərkəzdən idarə olunmaması Azərbaycan torpaqlarının işğalı ilə nəticələndi. 

– İşğal dövründə ordunun formalaşdırılması hansı şəkildə aparıldı?

– Xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin respublikaya qayıdışı bizi çox böyük bəlalardan, eləcə də daxildə vətəndaş müharibəsindən və işğalın genişlənməsindən qurtardı. Qısa zaman ərzində bütün xalq öz xilaskarını dəstəklədi və ölkədə sabitliyə doğru addımlar atıldı. Artıq cəbhədə gedən döyüşlər mərkəzdən Ali Baş Komandan Heydər Əliyev tərəfindən idarə olurdu. Azərbaycan Ordusu həm işğalın genişlənməsinin qarşısını aldı, həm də 5 yanvar 1994-cü ildə əks-hücuma keçərək Beyləqan, Füzuli istiqamətində Horadiz əməliyyatı kimi tarixə düşən uğurlu əməliyyata imza atdı. Əməliyyat nəticəsində düşmən 30 kilometrə qədər geri çəkildi, iki yaşayış məntəqəsi, o cümlədən Horadiz şəhəri işğaldan azad olundu. Bununla da düşməni atəşkəs razılığına imza atmağa məcbur etdik. Daha sonra ulu öndər dərhal ordumuzun formalaşması ilə bağlı çox böyük addımlar atdı və az bir müddətdə regionda ən güclü ordular sırasına yüksəlmək üçün öz inkişafına nail oldu. O zaman da bu proseslərdə qardaş ölkə Türkiyə müəyyən məsləhətlər, tövsiyələr verirdi. Bu da Azərbaycan ordusunun daha da inkişafına müsbət təsir göstərirdi. 

– Orudu quruculuğu sahəsində ulu öndərin strateji siyasətini uğurla həyata keçirən cənab prezident İlham Əliyevin tapşırığı ilə aparılan Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi prosesindən sonra ordumuzda nə kimi dəyişikliklər gözə çarpır?

– Ulu öndər Heydər Əliyev nəyinki, ordunu formalaşdırdı, özündən sonra bu məsuliyyətli yükü lazımınca daşıya biləcək Ali Baş Komanda yetişdirdi. İlham Əliyev həm respublikamızın inkişafını, həm də ordunun inkişaf istiqamətini Heydər Əliyevin qoyduğu siyasi xətt üzrə davam etdirdi. Bu gün İlham Əliyevin  rəhbərliyi altında Azərbaycan ordusu ən müasir silahlarla silahlanaraq orduya lazım olan ən müasir hərb texnologiyası ilə təmin olunub. Şəxsən cənab Prezidentin nəzarəti altında Azərbaycan ordusu dünyanın 50 ən güclü ordusu sırasında özünə yer tapıb. Bunun üçün çox böyük ordu quruculuğu işləri aparılması fonunda intellektual potensiala malik kadr heyəti hazırlanıb. Azərbaycan ordusu irimiqyaslı təlimlər keçirməklə peşəkarlığını daha da artırıb. Aprel hadisələrindən sonra Ali Baş Komandan cənab İlham Əliyevin öz yetişdirdiyi və inkişaf etdirdiyi orduya qiymətini verərək bildirdi ki, Azərbaycan qısa zamanda işğalçı qüvvələri darmadağın edərək ölkəmizin ərazi bütövlüyünü təmin etməyə qadirdir. Bu ifadələr cənab Prezidentin ordumuza verdiyi böyük qiymət kimi dəyərləndirilə bilər. 

– “Silahlı Qüvvələr Günü”nün qalib xalqın qalib ordusu kimi qeyd olunmasının önəmi və mahiyyəti barədə nə düşünürsünüz?

– 44 günlük Vətən müharibəsindəki qələbəmizin bizə yaşatdığı hissləri sözlə ifadə etmək çətindir. Hesab edirəm ki, tarix bu haqq savaşına öz qiymətini verəcək. Ordumuz müharibədən qazandığı təcrübə ilə yeni inkişafa qədəm qoyub. Artıq Türkiyə və Azərbaycan orduları arasında olan iş birliyi Şuşa Bəyannaməsindən sonra daha da genişlənib. Prezident Azərbaycan ordusunun Türkiyə ordusu modelinə uyğun formalaşdırılması haqqında göstəriş verib və hazırda bu sahədə islahatlar aparılır. Vətən müharibəsindən sonra keçirilən Zəfər paradında ordumuzun gücü, onun modern silahları və həmin silahlarla düşmən texnikasının məhvi açıq-aydın şəkildə xalqa nümayiş etdirildi. Azərbaycan ordusu hazırda regionun ən güclü ordularından biri olmaqla sülhün qorunmasına öz töhfəsini verir. Silahlı Qüvvələr Gününü qalib xalqın qalib ordusu kimi qeyd etmək böyük şərəfdir. Biz 30 ilə yaxın müddətdə ölkədə bu günü ürəkdən keçirə bilməmişik. Həmişə gözümüz işğalda olan torpaqlarda olub. Bir hərbiçi kimi həmişə məsuliyyətimizi dərk etmişik və Ali Baş Komandanın döyüş əmrini gözləmişik. Nəhayət, Azərbaycan ordusu o əmri aldı və öz gücünü göstərdi. Biz bundan sonra Silahlı Qüvvələr Gününü böyük qürurla qeyd edəcəyik. Yaşasın Azərbaycanın qalib Ordusu!

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir