Elm məktəbdən başlayır: UNEC-in təşəbbüsü genişlənir

Baş səhifə

Bakı. Trend:

UNEC-in 3 ildir həyata keçirdiyi “Elmin populyarlaşdırılması” və
“Elm gözəldir: məktəbdən elmə” təşəbbüsləri bu dəfə Naxçıvan Muxtar
Respublikasında reallaşdırılıb.

“Elmin populyarlaşdırılması” təşəbbüsünün məqsədi elmi hər kəsin
ortaq dəyərinə çevirərək, gənclərin elmə marağının artırılmasıdır.
“Elm gözəldir: məktəbdən elmə” təşəbbüsü isə məktəblilər arasında
elmi fəaliyyətə maraq oyatmaq, onlarda tədqiqatçılıq ruhunu erkən
yaşlardan inkişaf etdirmək, elmi potensialını formalaşdırmaq, eləcə
də elmi şagirdlərə sadə dildə təqdim etmək məqsədi daşıyır. Layihə
çərçivəsində alimlərlə məktəblilər arasında birbaşa ünsiyyət
qurularaq, elmin yalnız nəzəri biliklər deyil, həyatımızın bir
parçası olduğu izah edilir və elmin cəmiyyət üçün əhəmiyyəti ön
plana çıxarılır.

Nümayəndələr Naxçıvan Dövlət Universitetinin (NDU) kampusu, elm
mərkəzləri, laboratoriya imkanları ilə yaxından tanış olublar.

NDU-nun professor-müəllim heyəti ilə keçirilən görüşdə Prezident
İlham Əliyevin tövsiyələri əsas götürülərək ana dilinin saflığının
qorunması məsələləri önə çəkilmiş, elmin populyarlaşdırılması
sahəsində beynəlxalq təcrübə və ali təhsil müəssisələri arasında
əməkdaşlıq perspektivləri müzakirə edilib.




Tədbirin sonunda UNEC və NDU arasında əməkdaşlığa dair
memorandum imzalanıb. Hər iki universtetin elektron
kitabxanalarının inteqrasiyası və ortaq qrant layihələrin
reallaşdırılmasına dair razılıq əldə olunub.

“Elm gözəldir: məktəbdən elmə” təşəbbüsü çərçivəsində NDU
nəzdindəki Beynəlxalq Məktəbdə və Ordubad şəhər 1 saylı tam orta
məktəbində şagirdlərlə görüşlər keçirilib. Naxçıvanın təhsil naziri
Elxan Nəcəfovun da iştirak etdiyi görüşlərdə dövlət başçısı İlham
Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı
tövsiyələri xüsusi diqqət mərkəzində saxlanılıb.

Elmin təməlinin məktəb illərində qoyulduğu və gələcəkdə böyük
kəşflərə imza atacaq alimlərin bu gün sinif otaqlarında əyləşən
şagirdlər arasından yetişə biləcəyi qeyd edilib. Şagirdləri həm
milli dəyərlərə, həm də müasir elmi biliklərə yiyələnməyə
çağıraraq, elmlə məşğul olmağın yaş həddi tanımadığı
bildirilib.

Görüşlərin sonunda məktəblərin kitabxanalarına kitablar hədiyyə
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir