İtaliyanın paytaxtı Romada güləş üzrə U-20 Avropa çempionatı start götürüb.
Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, Yunan-Roma güləşi üzrə milli komandanın 2 üzvü qızıl medal qazanıb.
Nihad Quluzadə (55 kq) fransalı Ayvil Fuakeyə tam üstünlüklə (9:0) qalib gəldikdən sonra ukraynalı Nikolay Xavriçkini xalçadan məyus yola salıb – 3:1. Yarımfinalda almaniyalı Georgios Skarpellodan güclü olan (5:1) Quluzadə finala yüksəlib. Nihad həlledici görüşdə rumıniyalı Denis Mihayla qarşılaşıb. Rəqibinə 10:1 hesabıyla qalib gələn güləşçimiz Avropa çempionu olub.
Laçın Vəliyev (87 kq) 1/8 finalda ukraynalı Nikita Alekseyevi üstələyib – 8:5. Vəliyev 1/4 finalda isveçli Alqot Kaellmana gücünü göstərib – 4:1. Laçın yarımfinalda erməni Vigen Nazaryana 3:1 hesabıyla qalib gəlib. Güləşçimiz finalda rumıniyalı Patrik Qordanla üz-üzə gəlib. Vəliyev 3:1 hesablı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, sabah yığmanın daha 4 üzvü medallar uğrunda mübarizə aparacaq.
www.RIA24.az