BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Azərbaycan stendi ilə tanış olub – FOTO

İqtisadiyyat

BMT-nin Yaşayış Məskənləri Proqramının (“UN Habitat”) icraçı direktoru Maimuna Mohd Şərif Polşanın Katovitse şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun (WUF 11) XI sessiyasında təşkil edilən sərgidə Azərbaycan stendini ziyarət edib.

“Report”un Ümumdünya Şəhər Forumunda iştirak etmək üçün Polşaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, stend Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Ərazi Tikinti və Planlaşdırma Mərkəzi tərəfindən hazırlanıb.

Maimuna Mohd Şərif stenddə təqdim olunan məlumatlarla tanış olub və sərgidə iştirakına görə Azərbaycana təşəkkür edib.

Qeyd edək ki, bu stend Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin infrastrukturunun bərpasına, orada rahat yaşayış şəraitinin yaradılmasına həsr olunub.

Azərbaycan stendinin ziyarətçiləri erməni işğalının dağıdıcı nəticələrini əks etdirən videoçarxa baxa, həmçinin bu ərazilərdə aparılan tikinti və bərpa işləri barədə məlumat əldə edə bilərlər. Bundan əlavə, qonaqlara milli şirniyyatlar və içkilər təklif olunur.

Yeri gəlmişkən, Azərbaycan stendi Ümumdünya Şəhər Forumunun XI sessiyası çərçivəsində təşkil edilən sərgini ziyarət edənlərin böyük marağına səbəb olub. Məsələn, Malayziya vətəndaşı Festina Azərbaycanın dağıdılmış şəhərləri ilə bağlı videonun diqqətini çəkdiyini və onu kədərləndiyini bildirib: “Mənə dedilər ki, hazırda dağıdılmış ərazilərin bərpası istiqamətində fəal işlər görülür, lakin oradakı minalar bu prosesə mane olur. Mənə yenidənqurma prosesi başa çatdıqdan sonra bu şəhərlərin necə olacağını görmək çox maraqlı olardı. Ümid edirəm ki, insanlar və ailələr tezliklə öz evlərinə qayıda bilərlər”.

O əlavə edib ki, Malayziya xalqı Azərbaycanın yerləşdiyi regionla bağlı az məlumatlıdır: “Lakin belə sərgilər daha çox insanın burada təmsil olunan ölkələr haqqında məlumat əldə etməsinə kömək edir”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir