İranın rəsmi mediasında Azərbaycanla bağlı növbəti təxribat xarakterli məqalə dərc olunub – FOTO

Siyasət

İranın ali dini rəhbəri Əli Xameneyinin ofisinin mətbuat orqanı sayılan “Keyhan” qəzeti Azərbaycan Respublikası ilə bağlı daha bir təxribat xarakterli məqalə dərc edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Nəşrdə Ukrayna müharibəsi, Şərqi Avropa və dünyada baş verən sürətli proseslər fonunda Azərbaycan hökumətinin müsəlmanlara qarşı amansız davrandığı, şiələrə qarşı zorakılıq hallarını artırdığı iddia edilib.

Məqalədə Taleh Bağırzadənin adının qarşısına dini rütbə sayılan “höccətülislam” adı əlavə edilib və onun “sionistləri və vəhhabiləri ifşa etdiyi üçün” həbs edildiyi iddia olunub.

“Bu gün Azərbaycanda müsəlmanların – şiələrin başına gətirilənlər keçmiş Sovet İttifaqı dövründə dindarlara münasibətdən daha pisdir. Ona görə də Stalinin vaxtındakı qorxu dövrü ilə müqayisə olunacaq bir vəziyyət yaranıb”, – deyə Xameneyinin ofisinin qəzeti yazıb.

Məqalədə Azərbaycanda başqa dinlərə və məzhəblərə, o cümlədən yəhudi, xristian, bəhai, krişnaid və s. qarşı müsbət yanaşma, islam dininə qarşı isə düşmənçilik olduğu iddia edilib, bundan başqa, yəhudi dini məbədlərinin fəaliyyəti xüsusi həssaslıqla qeyd olunub.

Bütünlüklə Azərbaycanda dünyəvi dövlət quruluşunu hədəf alan uzun məqalənin sonunda rəsmi Bakı bir daha islam düşməni kimi qələmə verilib, bütün iddia olunanların isə ABŞ və İsrailin göstərişi ilə həyata keçirildiyi bildirilib.

Nəşrdə həmçinin Azərbaycanda İsrail qüvvələrinin, vəhhabi yaraqlılarının və Türkiyənin Milli Kəşfiyyat Təşkilatının olması barədə İran rəsmilərinin iddiaları da yer alıb.

Qeyd edək ki, “Keyhan” qəzetinin baş redaktoru, radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Seyid Əi Xameneyinin tapşırığı ilə təxribat xarakterli yazılar dərc edir. Nəşrdə dərc olunan yazılar İranın ali dini rəhbəri Əli Xameneyinin başçılıq etdiyi mühafizəkar qanadın, SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) və ETTELAAT-ın (İnformasiya Nazirliyi) mövqeyini əks etdirir.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir