İranın ali rəhbərinin himayə etdiyi radikal “Keyhan” qəzeti yenidən anti-Azərbaycan yazısı ilə gündəmə gəlib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verir.
“Sionistlərin Azərbaycan Respublikası ərazisində kiberfəaliyyətinin genişlənməsi təkcə bu rejimin deyil, həm də Azərbaycanın kiberinfrastrukturunun da haker hücumlarının hədəfinə çevrilməsinə səbəb olacaq, ona görə də Azərbaycan bu bitmiş rejimə aldanmamalıdır”, – deyə “Bakı aldanmasın, İsrail rejimi bitib” başlıqlı yazıda iddia edilir.
Uzun illərdir, sanki İranın təhlükəsizlik orqanlarına bağlı haker qruplarının başqa ölkələrin dövlət və özəl qurumlarının rəsmi saytlarına kiberhücumlarını unudan qəzet üstüörtülü təhdid yağdırıb:
“Sionist rejimin kiberfəaliyyətləri üçün Azərbaycan ərazisini seçməsi hər şeydən çox Bakı rəsmilərinin sionistlərin səssiz təhdidlərindən xəbərsiz olduğunu göstərir. Əslində sionistlərin bölgədə mövcudluğu, xüsusilə kibertəhlükəsizlik sahəsində fəaliyyətlərinin genişlənməsi digər ölkələr üçün ciddi regional təhlükə hesab olunduğu üçün onların Azərbaycanda da kibertəhlükəsizliyə kölgə salacaq və bundan sonra sionist rejimlə yanaşı, Azərbaycanın infrastrukturu da haker və kiberhücumların hədəfinə çevriləcək”.
Birbaşa Xameneinin ofisinin, habelə ETTELAAT və SEPAH-ın sifarişi ilə təxribat xarakterli məqalələr dərc edən “Keyhan” qəzetində həmçinin deyilir:
“Sionistlərin Azərbaycan ərazisində kibertəhlükəsizlik mərkəzi yaratması göstərir ki, onlara qarşı edilən kiberhücumların miqyasını başqa ölkələrə də yaymağa çalışırlar. Belə olan halda, digər dövlətlərin də kibertəhlükəsizliyi onların rəsmilərinin laqeydliyi ucbatından ciddi təhlükələrlə üzləşəcək”.