Azərbaycanın Baş Prokurorluğuna səlahiyyətli dövlət qurumu tərəfindən təqdim edilmiş məlumat əsasında “Vepa mühendislik, elek. mek. Inş. taah. ith. ihr. san. və Tic. LTD Şirkətinin Azərbaycan Respublikası filialı”nda vətəndaşların onlarla əmək müqaviləsi bağlanılmadan işə cəlb edilmələri faktı ilə bağlı Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Müəyyən edilib ki, xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək üçün qulluq mənafeyinə qəsdən zidd olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə 2021-ci ilin sentyabr-dekabr ayları ərzində müxtəlif tikinti işləri ilə bağlı layihələr çərçivəsində mexanik-elektrik və zəif axın sistemləri üzrə işlərin yerinə yetirilməsi üçün Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli sayda şəxs mexanik-elektrik və kommunikasiya xətlərinin çəkilməsi xidmətlərinin yerinə yetirilməsinə cəlb edilib.
Göstərilən fakt üzrə Cinayət Məcəlləsinin 308.1 və 162-1.1-ci maddələri ilə cinayət işi başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Nərimanov Rayon Prokurorluğuna göndərilib.
www.RIA24.az