Rusiyalı turistlər İrina və Denis Misirin Xurqada şəhərində istirahət edənlərə hücum edən köpəkbalığı ilə necə qarşılaşdıqlarından danışıblar.
Denisin dediyinə görə, o, təhlükəli yırtıcı ilə suda, çoxlarının şnorkel və maskalarla üzdüyü yerdə rastlaşıb.
“Mən həyat yoldaşıma sahilə doğru üzmək barədə siqnal verdim, lakin köpəkbalığı haqqında heç nə demədim. Və biz üzdük. Üzdüyümüz zaman fikirləşirdim ki, görəsən, biz sahilə vaxtında çata biləcəyikmi, köpəkbalığı bizi yeyəcəkmi, ya yox. Bütün bunlardan sonra dənizdə üzənlər istirahətlərinə davam etdilər, xilasedicilər isə heç bir tədbir görmədilər”, – deyə turist bildirib.
Denis qeyd edib ki, bir neçə dəqiqə sonra köpəkbalığı turistə hücum edib və nəticədə o, dünyasını dəyişib.
“Həyat yoldaşımla estakada ilə sahilə doğru irəlilədik. Biz sudan çıxandan beş-yeddi dəqiqə sonra körpüdə qışqırıqlar eşitdik və çaxnaşma başladı… Bizə dedilər ki, orada bir köpəkbalığı qadını yeyib”, – deyə rusiyalı turist baş verənləri danışıb.
İyulun 1-də Avstriya vətəndaşı Elizabet Skvayer Qırmızı dənizin sularında köpəkbalığının hücumuna məruz qalaraq ölüb. Balıq onun qolunu və ayağını dişləyib. İki gün sonra Misir hakimiyyəti Xurqadada daha bir qadının öldüyünü təsdiqləyib.
Köpəkbalığının hücumundan sonra Misirin Qırmızı dəniz əyalətinin qubernatoru ərazidəki bəzi çimərliklərin bağlanması barədə göstəriş verib. Hadisənin səbəblərini araşdırmaq üçün bir qrup mütəxəssisdən ibarət işçi komissiyası da yaradılıb.
İyulun 4-də Ərəb Vəhşi Təbiətin Mühafizəsi Assosiasiyasının (AFWP) Baş katibi Qamal Qomaa açıqlama verib ki, turistlərin balıqları yemləmələri hücumlara səbəb ola bilər.
Mənbə: İzvestiya
www.RIA24.az