“İrəvan şəhərinin ürəyi sayılan Təpəbaşı məhəlləsi şəhərin şərq yüksəkliyində yerləşir. Bu məhəllə əsrlər boyu ən qədim və muzey məhəlləsinə çevrilən İrəvanın tarixi məskənlərindən biri olub”.
“Report”un xəbərinə görə, bunu “Elmi araşdırmalar” İctimai Birliyinin sədri, İrəvanın keçmiş sakini Telman Qasımov “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərinin silinməsi” üzrə aparılmış araşdırmanın və onun nəticələrini əks etdirən kitabın təqdimatında deyib.
Onun sözlərinə görə, keçmişdə burada yaşayan yerli azərbaycanlı sakinlər Təpəbaşının özünəməxsus obrazını yaratmışdılar:
“Bu məhəllədə sadə insanlarla yanaşı şəhərin adlı-sanlı şəxsləri, sənətkarları və tacirləri yaşayıblar. Onların təkcə torpaqları yox, həm də mülkləri də olub. Xatirimdədir ki, sakinlər məscidlərdə toplanıb çay içib söhbət edirdilər”.
O qeyd edib ki, bu gün Təpəbaşı məhəlləsi milli koloritini qoruyub saxlamaq əvəzinə, ermənilər tərəfindən xarabalığa çevrilib:
“Dünya buna səssiz qalmamalıdır. Mən də İrəvan və şəhərin Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya müraciət edirəm. Bu məsələ diqqətdə saxlanılmalıdır”.
www.RIA24.az