Elektron Büdcə Bələdçisi portalı istifadəyə verildi

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Maliyyə Nazirliyi büdcə proseslərində
ictimaiyyətin daha geniş iştirakının təmin edilməsi, şəffaflığın və
operativliyin artırılması, vahid informasiya bazasının
formalaşdırılması, habelə büdcə proseslərində rəqəmsal həllərin
tətbiqini genişləndirmək məqsədilə “e-budget.maliyye.gov.az”
(Elektron Büdcə Bələdçisi) portalını istifadəyə verib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, yeni portal dövlət
maliyyəsinin idarə olunması sahəsində həyata keçirilən
institusional və rəqəmsal islahatların tərkib hissəsi olmaqla,
dövlət və icmal büdcələrə dair məlumatların mərkəzləşdirilmiş
şəkildə toplanmasını və idarə olunmasını təmin edir.

Elektron Büdcə Bələdçisi vasitəsilə büdcə siyasətinin
prinsipləri, büdcə prosesi, qanunvericilik, icmal və dövlət
büdcələrinin proqnoz göstəriciləri, gəlir və xərcləri, dövlət
büdcəsinin funksional və iqtisadi təsnifatlar üzrə xərcləri, büdcə
proqramları və digər əsas maliyyə göstəriciləri, eləcə də dövlət
borcu və borcun idarə edilməsi ilə bağlı xərclər
strukturlaşdırılmış və anlaşılan formada təqdim olunur. Sistemə
inteqrasiya olunmuş analitik və vizual alətlər büdcə
göstəricilərinin izlənilməsinə, müqayisəli təhlillərin aparılmasına
və məlumatların qrafik formada təqdim edilməsinə imkan yaradır.




Beynəlxalq fiskal diaqnostika alətlərinin, xüsusilə də Açıq
Büdcə Sorğusunun metodologiyasına və tələblərinə uyğun olaraq
hazırlanan portal büdcə məlumatlarına çıxış imkanlarının
genişləndirilməsi, büdcə şəffaflığının və hesabatlılığının
artırılması istiqamətində Maliyyə Nazirliyi tərəfindən son
dövrlərdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Bu təşəbbüs eyni zamanda, Azərbaycan Respublikasında rəqəmsal
dövlət maliyyəsi modelinin formalaşdırılmasına və qabaqcıl
beynəlxalq təcrübələrin tətbiqinə yönəlmiş mühüm addımdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir