
Bakı. Trend:
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC)
ölkələri dayanıqlı inkişafa nail olmaq üçün etibarlı “yaşıl”
maliyyə mexanizmlərinə ehtiyac duyurlar.
Bu barədə Trend
“CAREC İnstitute”a istinadən xəbər verir.
Hesabata əsasən, CAREC ölkələrində aşağı fiskal imkanlar və
“yaşıl” kapital bazarının zəif inkişafı iri miqyasda maliyyə
vəsaitlərinin səfərbər edilməsini məhdudlaşdırır.
“Yaşıl” maliyyələşmənin məqsədli alətləri olmadan CAREC
regionunda aşağı karbonlu iqtisadiyyata keçid milli öhdəliklərə və
beynəlxalq iqlim hədəflərinə uyğun gəlməyə bilər. Qlobal “yaşıl”
keçid şəraitində effektiv maliyyə mexanizmlərinin yaradılması
dayanıqlı inkişafa nail olmaq üçün zəruri əhəmiyyət daşıyır”, -deyə
“CAREC Institute” qeyd edir.
Hesabat müəllifləri CAREC ölkələrində “yaşıl” maliyyələşmə
sistemlərinin hazırlanması və həyata keçirilməsində uzunmüddətli
ənənəvi inkişaf modelləri və siyasi çərçivələr nəticəsində
formalaşmış struktur zəiflikləri vurğulayırlar. Əsas problemlər
siyasətin parçalanması və kompleks yanaşmanın olmaması olaraq
qalır: bir çox hökumətlər ayrı-ayrı sahələrdə (məsələn, bərpa
olunan enerji) pərakəndə tədbirlər tətbiq edir, lakin vahid ekoloji
risklərin qiymətləndirilməsi sistemləri, məlumatların açıqlanması
mexanizmləri və stimullaşdırıcı alətlər formalaşdırmurlar.
Ümumilikdə, müəlliflərin qeyd etdiyinə görə, CAREC ölkələrində
“yaşıl” maliyyələşmə inkişafın ilkin mərhələsindədir. “Siyasətçilər
onun potensialını getdikcə daha çox qəbul etsələr də, praktiki icra
zəif inkişaf etmiş kapital bazarları, parçalanmış tənzimləyici
sistemlər və kifayət qədər institusional imkanların olmaması
səbəbindən məhdud olaraq qalır. Bir çox maliyyə institutları
ekoloji risklərin və layihələrin qiymətləndirilməsi üçün texniki
ekspertizaya malik deyil. Standart taksonomiyaların, etibarlı
məlumat açıqlama sistemlərinin və effektiv regional koordinasiyanın
olmaması da bazarın inkişafına mane olur. ‘Yaşıl’ maliyyələşmə ilə
‘yaşıl’ transformasiya arasındakı qarşılıqlı əlaqənin araşdırılması
praktiki əhəmiyyət daşıyır və səmərəli siyasətin, investisiya
strategiyalarının və beynəlxalq əməkdaşlığın hazırlanması üçün
zəruridir”, -deyə hesabatda bildirilir.
Qeyd edək ki, CAREC proqramı iqtisadi artımın sürətləndirilməsi
və yoxsulluğun azaldılması məqsədilə əməkdaşlıq edən 11 ölkə və
inkişaf tərəfdaşını birləşdirir. CAREC-ə üzv ölkələr bunlardır:
Əfqanıstan, Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan,
Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan.

