Mövsüm amili qiymətlərə niyə təsir etmir?

İqtisadiyyat

Pərviz Heydərov yazır…

Hazırda bir sıra kənd təsərrüfatı məhsulları üzrə istehsal və tədarük mövsümü olsa da, qiymətlər yenə ucuzlaşmır, düşmür. Nəinki düşmür, heç sabit də deyil. Belə ki, keçən ilin əvvəlindən start götürən bahalaşma hələ də davam edir. Və inflyasiya əvvəlkitək 12 faizin üzərindədir, ərzaqlarda isə daha yüksəkdir…

Ümumiyyətlə, ümumi bahalaşma və inflyasiya prosesində qida və kənd təsərrüfatı məhsullarının qiymət yüksəkliyi əsas təkanverici faktor olaraq qalır. Və bu da belə təəssürat yaradır ki, payızda və üzü qışa doğru bahalaşma daha yuxarı tempdə olacaq.

Çünki mövsümi amillər özünü göstərmir və yaxud sözünü demir. Bəs bu nəylə əlaqədardır?! Bir sıra kənd təsərrüfatı məhsullarının istehsal və tədarük mövsümü olsa da, qiymətlər niyə ucuzlaşmır və yaxud ucuzlaşmadı?! Buna səbəb nədir?

Qeyd olunan vəziyyət bir neçə səbəblə əlaqədardır. Birincisi, bu, ölkəyə idxal amili ilə əlaqədardır ki, daxili bazarın sözügedən məhsul növləri üzrə xaricdən asılılığı bəllidir. İkincisi isə yerli məhsulların bazarlara çıxışı və yaxud, başqa sözlə desəm, reallaşdırılması problemləri ilə bağlıdır…

Əvvəlcədən qeyd edim ki, idxalı məhdudlaşdırmaq heç bir nəticə verməyəcək və verə də bilməz. Bu, əksinə, ciddi fəsadlar yarada və qiymətləri daha da artıra bilər. Yerli məhsulların bazarlara çıxışı, başqa sözlə desəm, reallaşdırılması problemlərinə gəldikdə isə məsələnin kökü məhz burada araşdırılsa, yaxşıdır. 

Sual olunur ki, yerli istehsala və tədarükə məxsus məhsullar ən azı mövsüm vaxtı qiymət enişi nümayiş etdirmirsə, bu nəyə işarədir?!

Yerli məhsullarımız məgər çox keyfiyyətlidirmi, yoxsa xaricə ixrac edilir?

Xeyr… Məsələ bunda deyil. Problemin kökü inhisarçı amillərdədir. Hesab edirəm, bazarlar, bir qədər köhnə termin sayılsa da, bilavasitə “işbazlar” adlanan bir qrupun nəzarəti altındadır. Çünki əgər istehsalçı ilə tədarükçünün bazara çıxış imkanı yoxdursa, demək, ortada başqa cür izah qalmır. Söhbət idxal məhsullarının biznesi ilə məşğul olan və yaxud onlara yaxın dairələrdən gedir. Bundan başqa, yerli istehsal və tədarükçülərin bazarlara çatana və daxil olanadək məhsullarının zərərə uğraması problemi də az təsirə malik deyil. Ümumiyyətlə, həm açıq, həm də pərdəarxası çox sayda subyektiv səbəb və amillər mövcuddur.

Təsadüfi deyil, neçə illərdir ki, dövlət və hökumət, konkret desəm, Kənd Təsərrüfatı Nazirliyi bu sahədə nə qədər təşkilati iş və siyasət həyata keçirib, yürütsə də, heç bir dəyişiklik baş vermir. 

Yeri gəlmişkən, bu gün də yarmarkalar təşkil edilir. Amma bu yarmarkalar ümumən bazarlardakı qiymətlərin müəyyən olunmasına və formalaşmasına heç bir təsir edə bilmir ki, bilmir. 

Digər və ən sonuncu faktor isə yerli kənd təsərrüfatı məhsullarının maya dəyərinin yüksək olması ilə bağlıdır. Yəni yerli istehsala, tədarükə məxsus məhsulların maya dəyəri yüksəkdir və o, bazara daxil olarkən üstəlik üzərinə əlavə haqq da gələndə həmin məhsulun bazarda satışı istər-istəməz problemə çevrilir.

Belə ki, bəzi hallarda istehsalçı və tədarükçülərin bazarlarla bağlı şikayətləri onların bazarlara qeyri-əlçatanlığı ilə deyil, onların öz məhsullarını ümumiyyətlə bazar vasitəsilə reallaşdıra bilməmələri ilə izah olunur.

Belədə, problemin həlli üçün hökumətdən nəsə tələb etmək də düzgün və mümkün deyil, ona görə ki, hökumət “ay satıcı, sən məhsulu bu qiymətə deyil, ucuz qiymətə sat”, – deyə diktə edə bilməz. Bunu heç cür tənzimləmək mümkün deyil.

Beləliklə, burada əsas amil – aqrar məhsullardan tutmuş meyvə və digərə qədər, onların maya dəyərinin yüksək olması ilə bağlı problemi aradan götürmək, buna nail olmaqdan ibarət sayılır.
Sözün qısası, kəndli öz məhsulunu maya dəyərindən aşağı sata bilmir və bilməyəcək də… Çünki onun da başqa tələbləri var: bazara nəsə verəndə, həm də bazardan nəyisə də almaq lazımdır və alınır da…

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir