
Bakı. Trend:
Bu gün Bakı yenidən Avrasiya enerji gündəliyinin
formalaşdırıldığı əsas platformalardan birinə çevriləcək:
Azərbaycan paytaxtında Cənub Qaz Dəhlizi Məşvərət Şurası
çərçivəsində 12-ci nazirlər iclası və Yaşıl Enerji Məşvərət Şurası
çərçivəsində 4-cü nazirlər iclası keçiriləcək. Bu tədbirlərin eyni
vaxtda təşkil olunması ölkənin rolunun strateji transformasiyasını
– ənənəvi karbohidrogen ixracatçısından həm təbii qaz, həm də
“təmiz” elektrik enerjisi ilə bazarı paralel şəkildə təmin edə
bilən kompleks panavropa enerji təchizatçısına keçidi əks
etdirir.
Bakıda keçirilən görüşlərin aktuallığı bu gün sürətlə dəyişən
geosiyasi konfiqurasiya fonunda daha da artır. 2022-ci ildə
Ukraynada başlayan müharibə Avropanın enerji arxitekturası üçün
dönüş nöqtəsi oldu və Avropa İttifaqını təchizat mənbələrini
sürətləndirilmiş şəkildə şaxələndirməyə məcbur etdi. Bununla
yanaşı, Yaxın Şərqdə hazırkı eskalasiyalar qlobal enerji
marşrutlarının həssaslığını bir daha nümayiş etdirdi. Neft və
mayeləşdirilmiş təbii qaz tədarükləri üçün zəruri əhəmiyyət daşıyan
Hörmüz boğazı vasitəsilə mümkün fasilə riskləri təchizatçıların
etibarlılığı və logistikanın dayanıqlığı məsələsini yenidən gündəmə
gətirdi. Belə şəraitdə proqnozlaşdırıla bilən və uzunmüddətli
tədarüklərə zəmanət verə bilən tərəfdaşların əhəmiyyəti obyektiv
olaraq artır və bazarda belə oyunçuların sayı çox deyil.
Məhz buna görə Bakıda keçiriləcək iclaslar sadəcə illik sahəvi
dialoq kimi deyil, enerji prioritetlərinin yenidən
qiymətləndirilməsi üçün vaxtında yaradılmış platforma kimi qəbul
olunur. Tərəflər Cənub Qaz Dəhlizinin genişləndirilməsinin
sürətləndirilməsini müzakirə edə, uzunmüddətli müqavilələrin roluna
dair daha aydın yanaşma nümayiş etdirə, həmçinin mövcud şəraitdə
getdikcə daha çox praqmatik qiymətləndirməyə məruz qalan fosil
yanacaq layihələrinin maliyyələşdirilməsinin məhdudlaşdırılmasına
dair birtərəfli yanaşmaları yenidən nəzərdən keçirə bilərlər.
Azərbaycan Prezidenti İlham Əliyev artıq 2025-ci ilin aprelində
keçirilmiş əvvəlki Məşvərət Şurası iclasında faktiki olaraq cari
mərhələnin fəlsəfəsini müəyyənləşdirmişdi. Dövlət başçısı
vurğulamışdı:
“Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji
təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz
hissəsidir. Mən hətta deyərdim ki, bu gün biz, həmçinin sənaye
təhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişaf
etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları,
gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft
məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı
və ixracatçısıdır”,- deyə Prezident İlham Əliyev bildirib.
Dövlət başçısı qeyd edib ki, mövcud qlobal qeyri-sabitlik
fonunda bu qiymətləndirmə xüsusilə aktual səslənir.
Diqqətçəkən məqam ondan ibarətdir ki, oxşar siqnallar Brüsseldən
də gəlir. Energetika və mənzil məsələləri üzrə Avropa Komissarı Dan
Yorgensen Bakıda keçiriləcək görüşlər ərəfəsində Trend-ə verdiyi özəl
müsahibədə bildirib:
“Bakıda verəcəyim əsas mesaj tərəfdaşlığın davam etdirilməsi və
ümumi strateji maraqların mövcudluğu olacaq. Avropa İttifaqı (Aİ)
Azərbaycanın sabit və etibarlı tərəfdaşı olaraq qalır və biz enerji
sahəsində əməkdaşlığımızı yüksək qiymətləndiririk. Bu çətin dövrdə
Azərbaycan Avropaya tədarüklərin şaxələndirilməsində və Rusiya
qazından asılılığın azaldılmasında mühüm rol oynayıb. Aİ-də artıq
Rusiya qazının idxalına tam qadağa tətbiq olunduğunu nəzərə alsaq,
bu töhfənin əhəmiyyəti yalnız artacaq”,- deyə o bildirib.
Yorgensen diqqətəlayiq dinamikanı da qeyd edib:
Avrokomissar qeyd edib ki, Ukraynada müharibənin başlanmasından
sonra Xəzər qazı Avropanın Rusiya tədarüklərindən asılılığının
kəskin azalmasında mühüm rol oynayıb — Avropanın qaz təchizatı
strukturunda bu göstərici 45 faizdən cari ildə təxminən 10 faizə
enib.
“Bu, sadəcə statistika deyil – bu, Avropanın enerji
təhlükəsizliyi üçün strateji uğurdur. Bununla belə, vurğulamaq
istəyirəm ki, tərəfdaşlığımız yalnız qazla məhdudlaşmır. Söhbət həm
də “yaşıl keçid”in dəstəklənməsindən gedir, çünki həm Avropa
İttifaqı, həm də Azərbaycan elektrikləşməni sürətləndirir,
infrastrukturu müasirləşdirir və Paris Sazişinə sadiqliyini
qoruyur. Bu, iqtisadiyyatlarımız və enerji gələcəyimiz üçün
qarşılıqlı fayda yaradır”,- deyə Yorgensen qeyd edib.
Bu bəyanatların faktiki əsasları artıq formalaşıb. 2026-cı ilin
yanvarından etibarən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliya
üzərindən Avstriya və Almaniyaya Azərbaycan təbii qazının
tədarükünə başlayıb ki, bu da Avropa qaz bazarının inkişafında yeni
mərhələ hesab olunur. 2025-ci ildə ölkədə qaz hasilatı 51,5 milyard
kubmetrə çatıb. Bunun 27,9 milyard kubmetri “Şahdəniz”, 14,1
milyard kubmetri “Azəri-Çıraq-Günəşli” bloku, 1,6 milyard kubmetri
“Abşeron” yatağı, əlavə 7,9 milyard kubmetri isə SOCAR tərəfindən
təmin edilib. Ümumi ixrac 25,2 milyard kubmetr təşkil edib ki,
bunun 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri
Türkiyəyə (o cümlədən 5,6 milyard kubmetr TANAP vasitəsilə), 2,3
milyard kubmetri Gürcüstana və 0,5 milyard kubmetri Suriyaya
yönəldilib.
Avropaya yönəlmiş Cənub Qaz Dəhlizinin seqmenti — TAP — bu
günədək Avropa İttifaqı ölkələrinə 56 milyard kubmetr qaz tədarük
edərək enerji mənbələrinin şaxələndirilməsini əhəmiyyətli dərəcədə
gücləndirib. Bundan əlavə, cari ilin yanvar ayında TAP layihəsinin
illik ötürücülük gücü 1,2 milyard kubmetr artırılaraq ilk
genişləndirilməsi həyata keçirilib ki, bu da artıq 2026-cı ildən
etibarən Avropa bazarına əlavə qaz tədarükünü təmin edəcək.
İqtisadi təsir də olduqca əhəmiyyətlidir: Yorgensenin sözlərinə
görə, TAP vasitəsilə kommersiya qaz tədarüklərinin başlanmasından
etibarən 2024-cü ilədək İtaliya, Yunanıstan və Bolqarıstana qaz
ixracı Azərbaycana təxminən 24 milyard avro gəlir gətirib.
Lakin hazırkı mərhələnin strateji xüsusiyyəti ondan ibarətdir
ki, Azərbaycan paralel şəkildə “yaşıl transformasiya”nı
sürətləndirərək enerji sinerjisi modelini formalaşdırır. Beynəlxalq
investorların iştirakı ilə artıq iki iri bərpa olunan enerji
layihəsi həyata keçirilib.
2026-cı il yanvarın 8-də rəsmi açılışı keçirilmiş və “ACWA
Power” şirkəti tərəfindən inşa edilən 240 MVt gücündə
“Xızı–Abşeron” külək elektrik stansiyası ildə təxminən 1 milyard
kVt/saat elektrik enerjisi istehsal edəcək, bununla da 220 milyon
kubmetrədək qaz qənaəti təmin olunacaq və 400 min tondan artıq CO₂
emissiyasının qarşısı alınacaq.
Masdar şirkəti ilə birgə reallaşdırılan və 2023-cü ilin
oktyabrında istismara verilmiş 230 MVt gücündə “Qaradağ” günəş
elektrik stansiyası isə hər il təxminən 500 milyon kVt/saat
elektrik enerjisi istehsal edir ki, bu da 110 milyon kubmetr qaz
qənaətinə və karbon emissiyalarının 200 min ton azalmasına
bərabərdir.
Prezident İlham Əliyev Davosda çıxışı zamanı iddialı hədəfləri
açıqlayıb:
“Yaxın altı il ərzində günəş və külək enerjisi üzrə istehsal
güclərimizi əhəmiyyətli dərəcədə artıracağıq… 2032-ci ilə qədər
ölkədə səkkiz giqavat günəş və külək enerjisinin istehsal
olunacağını gözləyirik”.
Sahə üzrə proqnozlara əsasən, bərpa olunan enerji mənbələrinin
elektrik enerjisi istehsalındakı payı 2027-ci ildə 25 faizə,
2030-cu ildə isə 30 faizə çatacaq.
Uzunmüddətli strategiyanın əsas elementlərindən biri
transregional “yaşıl” enerji dəhlizlərinin formalaşdırılmasıdır.
energetika nazirinin müavini Elnur Soltanov Trend-ə bildirib:
“Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə
texniki-iqtisadi əsaslandırmanın hazırlanması üçün İtaliyanın
“CESİ” şirkəti məsləhətçi şirkət seçilmişdir. Bu məsləhətçi seçimi
ilə ilkin araşdırmaların 11 aylıq müddətdə aparılması
planlaşdırılır, yəni texniki-iqtisadi əsaslandırma 2027-ci ilin
əvvəllərində yekunlaşa bilər”.
Onun sözlərinə görə, məsləhətçi şirkətinin seçimi bu mərhələdə
layihənin keyfiyyətli və vaxtında tamamlanması üçün vacibdir, çünki
əsaslandırma olmadan investisiya və tikinti mərhələsinə keçmək
mümkün deyil. Bu, layihənin ümumi zaman qrafikinə birbaşa təsir
göstərəcək.
Nazir müavini bildirib ki, layihə çərçivəsində Azərbaycan,
Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi və
Avropaya “yaşıl enerji” marşrutunun yaradılması nəzərdə tutulur.
Paralel olaraq Xəzər — Qara dəniz — Avropa enerji dəhlizi də
irəlilədilir və artıq Azərbaycan, Gürcüstan, Rumıniya və
Macarıstanın ötürücü sistem operatorlarının birgə müəssisəsi
yaradılıb. Layihənin texniki-iqtisadi əsaslandırmasının cari ilin
birinci rübündə tamamlanması gözlənilir, mərhələli icra isə 2040-cı
ilə qədər nəzərdə tutulubBununla yanaşı, Xəzər dənizində ofşor
külək energetikasının texniki potensialı təsirli 157 GVt həcmində
qiymətləndirilir.
Beləliklə, Bakıda keçiriləcək qarşıdakı iclaslar Avropanın
enerji təhlükəsizliyi ilə dekarbonizasiya arasında balansı faktiki
olaraq yenidən formalaşdırdığı bir dövrə təsadüf edir. Son illərin
reallığı göstərdi ki, dayanıqlı alternativlər yaradılmadan etibarlı
enerji mənbələrindən sürətli imtina ciddi iqtisadi və sənaye
riskləri yarada bilər.
Yeni enerji konfiqurasiyasında Azərbaycan unikal mövqedə çıxış
edir – orta müddətli perspektivdə sabitlik üçün zəruri əhəmiyyət
daşıyan qaz təchizatçısı, eyni zamanda isə uzunmüddətli dövrdə
formalaşmaqda olan “yaşıl enerji” ixracatçısı kimi.
Ukraynadakı müharibə, Yaxın Şərqdə qeyri-sabitlik və ənənəvi
tədarük marşrutları üçün artan risklər fonunda etibarlı
tərəfdaşların əhəmiyyəti obyektiv şəkildə artır. Martın 3-də Bakıda
keçirilən görüşlər mahiyyət etibarilə Avrasiyanın yeni enerji
arxitekturasının formalaşdığı əsas məqamlardan birinə çevrilə bilər
və bu prosesdə Azərbaycan mühüm, sistem əhəmiyyətli və
proqnozlaşdırıla bilən ümumavropa enerji təchizatçısı statusunu
daha da möhkəmləndirir.

