Bakının Sabunçu rayonunda 2 yaşlı uşağı oğurlamaqda ittiham olunan Gültəkin Muradovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra Gültəkin Muradovanın vəkili işlə tanış olmaq üçün hakimdən vaxt istəyib.
Gültəkin Muradovanın özü isə ittihamda qeyd olunanlarla razı olmadığını deyib. Bildirib ki, ittiham aktını alsa da, tanış ola bilməyib. Ona görə də məhkəmədən vaxt istəyib.
Növbəti proses iyulun 21-ə təyin olunub.
İttihama görə, 2021-ci il dekabrın 29-da Sabunçu qəsəbəsində 2 yaşlı Məhəmməd Elgün oğlu Şıxəliyevin itkin düşməsi barədə polisə məlumat daxil olub.
2022-ci ilin yanvarın 8-də Sabunçu rayon Polis İdarəsi və 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbiri nəticəsində Məhəmməd Şıxəliyev tapılıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində 2 yaşlı uşağı oğurlayan Beyləqan rayon sakini Gültəkin Muradova həbs edilib.
Onun barəsində Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham elan edilib.
www.RIA24.az