Xarici işlər naziri Ceyhun Bayramov İsveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristian Kamilli ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Nazir İsveç səfirinə Azərbaycanda fəaliyyəti müddətində iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində səylərinə görə təşəkkür edib və səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfirin Azərbaycandakı diplomatik fəaliyyətinin önəmli tarixi hadisə olan 44 günlük Vətən Müharibəsində qələbəyə təsadüf etdiyi, bu xüsusda İsveçin həm ikitərəfli, həm də regional formatlarda dialoq üzrə səyləri nazir tərəfindən qeyd olunub. Azərbaycanla İsveç arasında siyasi dialoqun daha da genişlənməsinin əhəmiyyəti vurğulanıb.
Nazir, iki ölkə arasındakı yüksək səviyyəli səfər mübadilələrinin və görüşlərin ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini bildirib.
Səfir Kamill Azərbaycandakı fəaliyyətindən məmnunluqla danışıb. O, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə həm İsveçdə, həm də Azərbaycanda keçirilmiş tədbirlərin əlaqələrin genişlənməsinə töhfə verdiyini diqqətə çatdırıb.
Görüşdə, həmçinin cari regional vəziyyət, sülh quruculuğu səyləri, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri kimi məsələlər ətrafında müzakirələr aparılıb.
Nazir Ceyhun Bayramov səfir Kristian Kammillə xoş arzularını çatdırıb.
***
Ceyhun Bayramov Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mekan İşanquliyevi də ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Ceyhun Bayramov ölkələrimiz arasında dost və qardaşlıq münasibətlərinin inkişafı naminə uğurlu fəaliyyətinə görə Türkmənistan səfirinə təşəkkür edib və səfirə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Azərbaycanla Türkmənistan arasında müxtəlif formatlarda artan tərəfdaşlığın və dialoqun, yüksək səviyyəli mütəmadi səfərlər və görüşlərin, dostluq dənizi olan Xəzər dənizində əldə edilmiş razılaşmaların və genişlənən əməkdaşlığın tarixi əhəmiyyəti vurğulanıb.
Səfir Mekan İşanquliyev Azərbaycanda doğma vətənindəki kimi fəaliyyət göstərdiyini qeyd edərək, xalqlarımız və ölkələrimiz arasında tarixi, mədəni və etnik birliyə əsaslanan əlaqələrdən məmnunluğunu diqqətə çatdırıb. Siyasi, iqtisadi, ticarət, nəqliyyat və tranzit kimi istiqamətlərdə əməkdaşlığın daha da inkişafı üçün potensialın olduğunu bildirib. Görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyi, regional sülh quruculuğu səyləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Nazir Ceyhun Bayramov səfir İşanquliyevə ən xoş arzularını çatdırıb.