Qaz xətlərinin keçdiyi ərazilərin zəbt olunmasının qarşısını almaq məqsədilə sentyabr ayından etibarən yoxlamaların keçirilməsi nəzərdə tutulur.
“APA-Economics”in məlumatına görə, bu barədə “Azəriqaz” İB-nin şöbə rəisi İlkin Behbudov “Açıq qapı” aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bununla bağlı addımların atılması üçün Nazirlər Kabinetinin müvafiq qərar verəcəyi gözlənilir.
“Qaz xətləri ilə bağlı bizə şikayətlər daxil olur. Bu kimi hallara əsasən həyət evlərində, çoxmərtəbəli binaların birinci mərtəbələrində rast gəlinir. Sakinlər qaz xətti keçən ərazini hasara alaraq orada özləri üçün bağça düzəldirlər və qaz kəməri bu bağçanın içində qalır. Bizə bununla bağlı qonşular tərəfindən şikayətlər daxil olur. Maraqlı məqamlardan biri də odur ki, yerli icra orqanları tərəfindən də bununla bağlı bizə yazanlar olur. Lakin “Azəriqaz”ın həmin hadisəyə təsir imkanları minimumdur, nəinki həmin o məktubu yazan yerli icra orqanlarının. Çünki bizim belə bir səlahiyyətimiz və işçi qüvvəmiz yoxdur ki, orada hər hansı söküntü işlərini aparaq”, – deyə İlkin Behbudov qeyd edib.
O əlavə edib ki, belə hallar həm orada yaşayan abonentlərin təhlükəsizliyinə, həm də şəhərin görüntüsünə xələl gətirir.
“Hazırda bu işlər davam etdirilir, amma əsas məsələ odur ki, biz ölkə başçısının Fərmanı ilə bu kimi halların müəyyən edilməsi üçün yoxlamaların keçirilməsinə yaxın müddətdə, çox güman ki, sentyabr ayından başlayacağıq. Bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarını gözləyirik”, – deyə İlkin Behbudov bildirib.
www.RIA24.az