İntihar ölümlə nəticələnən özünəqəsd hərəkətidir. İntihar təkcə sosial problemlər səbəbindən baş vermir. İntihar daha çox depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozğunluğu kimi psixoloji narahatlıqlar zamanı baş verir. İntihar müxtəlif sosial problemlərin həllində, münasibətlərlə bağlı çətinliklərdən və ya zorakılıqdan yarana bilər.
Yəni bu addımı atanlar arasında sosial problemi olmayan da var. Başqa sözlə, intihar hadisəsi inkişaf etmiş, yaxud dünyanın aparıcı dövlətləri üçün də ciddi problemlərdəndir.
Psixoloq, sosioloq və digər yaxın sahələrin mütəxəssisləri intiharların qarşısını almaq üçün müxtəlif təkliflər və metodlar irəli sürürlər.
Ancaq təəssüf ki, bu problemin qarşısının alınması çox çətindir. Heç şübhəsiz, onun qarşısının alınmasının ilk və başlıca şərti intihar etmək istəyən şəxsi bu addımı atmağa vadar edən problemin aradan qaldırılmasıdır. Ancaq onun şərtinin reallaşması heç də həmişə mümkün olmur.
Azərbaycanda da intiharlar baş verir. Araşdırmalara əsasən, özünəqəsdin başvermə səbəbləri müxtəlifdir. Ancaq Vətən müharibəsi qaziləri və iştirakçıları arasında intihar hadisələri cəmiyyətdə ciddi narahatlıqlar yaradır.
Onları bu addımı atmağa sövq edən amilin aradan qalxması, yaxud istəklərinin təmin edilməsi ilkin şərtlərdəndir.
Bundan başqa, həmin insanlara psixoloji yardım göstərilməsi vacibdir.
Mütəxəssislər bildirirlər ki, qaziləri bu faciəvi addımdan çəkindirməyin yollarından biri də ətraf, yaxud cəmiyyətin dəstəyi, mənəvi yardımıdır. Ətrafın laqeydliyi qazini normal psixoloji haldan çıxara bilər. Çünki o, döyüşlər zamanı aldığı psixoloji travmalardan xilas olmayıb.
Onun sakitləşməyə, könlünün ələ alınmasına, problemlərinin həllinə ehtiyacı var. Təəssüf ki, bir sıra hallarda ətrafda baş verən hadisələr qazilərin özünəqəsdinə təkan verir.
O cümlədən, intihar mövzusu ilə bağlı təbliğat onları bu faciəvi addımı atmağa təhrik edir. Bəzən qazi intihar etmək istəyərkən onun fotosunu çəkərək paylaşanlar, hətta canlı bağlantı quraraq faciəli durumundan yararlananlar da tapılır. Atdığı addımdan çəkindirməkdənsə bu tip hərəkətlərlə onları intihara təhrik edirlər.
Fikrimizcə, intihar hadisəsi yerindən yayımlar edənlərin müəyyən psixoloji problemi var. Belələri edamı birinci cərgədən izləməyə həvəsli olanlara oxşayırlar. Onlar barədə qanunvericilikdə müəyyən boşluğun olduğu görünür.
Özünəqəsd edən şəxs fotosunun, yaxud videosunun çəkildiyini görəndə, biləndə bunu reallaşdırmağa sanki “ruhlanır”. Odur ki, paylaşım və canlı yayım edənlərin əməlini intihara təhrik etmək kimi də qiymətləndirmək olar.
KİV-in, bloqerlərin, sosial şəbəkə istifadəçilərinin bu mənada üzərlərinə çox böyük insani məsuliyyət düşür. Təsəvvür edin, üzməyi bacaran bir şəxs suda boğulanı xilas etməkdənsə onun necə batdığının fotosunu çəkir, hadisə yerindən canlı yayım edir.
Yaxud “Daha bir qazi intihara hazırlaşır” kimi xəbərlərin yayılması, çağırışların edilməsi insanı ölümə təhrik etməkdir. Probleminin həlledilməz olduğunu düşünən qazi belə halda intiharı seçir…
Cəmiyyətin və hadisə zamanı qazinin əhatəsində olanların onu xilas etməsi insanlıq borcudur. Torpaqların azad olması uğrunda şəhidliyə hazır olan qazinin özünü öldürməsinə, təəssüf ki, ətrafındakılar seyrçi qalırlar. Az qala, onun özünəqəsd anında selfi çəkdirməyə çalışırlar.
Axı o qazi torpaqları işğalçıdan təmizləmək üçün canını fəda edib. Onun intiharını laqeydcəsinə necə müşahidə etmək olar?!
İntihar sosial-psixoloji hadisədir. Bu problemin qarşısının alınması üçün psixoloqların qazilərlə işləmələrinə ehtiyac var. Görünür, insanlara yardım etmək kimi müqəddəs əməllə bağlı cəmiyyətin maariflənməsi də günün aktual məsələlərindən birinə çevrilib. Çünki qazinin intiharı hadisəsini çəkib, paylaşım etməkdənsə, probemlərini paylaşmaq, ona yardım etmək, dərd ortağı olmaq daha faydalıdır. Ona görə də “dərd paylaşdıqca azalar” deyiblər…
“Report” İnformasiya Agentliyi
www.RIA24.az