
Bakı. Trend:
Türkiyə Yaxın Şərqdəki eskalasiyalar fonunda raket təhdidləri
səbəbindən NATO-nun hava hücumundan müdafiəsini gücləndirmək
məqsədilə ABŞ-yə məxsus bir ədəd “Patriot” hava hücumundan müdafiə
sistemi Türkiyənin cənub-şərqində yerləşən Malatya vilayətinə
yerləşdirib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə
Nazirliyinin bəyanatında qeyd olunub.
Bəyanatda bildirilir ki, Türkiyə NATO müttəfiqləri ilə
əməkdaşlığı davam etdirəcək və regionda baş verən prosesləri
birlikdə qiymətləndirəcək.
“Türk Silahlı Qüvvələrinin ölkəmizin və vətəndaşlarımızın
təhlükəsizliyini təmin etmək əzmi qətidir. Bölgəmizdə baş verən son
hadisələr fonunda sərhədlərimizin və hava məkanımızın
təhlükəsizliyinin qorunması üçün zəruri tədbirlər görülür, NATO və
müttəfiqlərimizlə məsləhətləşmələr aparılır.
Milli səviyyədə gördüyümüz tədbirlərə əlavə olaraq, NATO
tərəfindən də hava və raketdən müdafiə tədbirləri həyata keçirilir.
Bu çərçivədə hava məkanımızın qorunmasına dəstək göstərmək
məqsədilə bir “Patriot” sistemi Malatyada yerləşdirilir”,-deyə
bəyanatda qeyd olunur.

