Qran-pri: Azərbaycanın daha bir cüdoçusu finala yüksəldi

İdman

Azərbaycan cüdoçusu Səid Mollayi Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-pridə finala yüksəlib.

“Report”un məlumatına görə, 81 kiloqram çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Loik Pyetriyə (Fransa), Tim Qramkova (Almaniya), Sebastian Marcinkievizə (Polşa) və Gilyerme Şmidtə (Braziliya) qalib gəlib.

Eyni çəkidəki Zelim Tçkayev Takeşi Sasaki (Yaponiya) və Frank De Viti (Niderland) mübarizədən kənarlaşdırsa da, Joau Fernandunun (Portuqaliya) müqavimətini qıra bilməyib. Tçkayev təsəlliverici görüşdə Tato Grigalaşviliyə (Gürcüstan) də yenilib.

73 kiloqramdakı son Avropa çempionu Hidayət Heydərov 1/16 final mərhələsinə təsadüf edən ilk qarşılaşmasında Abdul Malik Umayevə (Belçika) uduzub. Bu çəkidəki Rüstəm Orucov Filip Yovanoviçi (Serbiya) məğlub etsə də, Martin Hojakla (Sloveniya) bacarmayıb.

Qadınların yarışında 63 kiloqramdakı Aytac Qardaşxanlı 1/8 finalda Coan Van Lesxauta (Niderland), 70 kiloqramdakı Südabə Ağayeva isə Miriam Butkereitə (Almaniya) uduzub.

Qeyd edək ki, yarışın ilk günündə 66 kiloqramdakı Yaşar Nəcəfov qızıl medal qazanıb. Azərbaycan Qran-pridə 14 cüdoçu ilə təmsil olunur.

www.RIA24.az

Spread the love