Rusiyanın Avropaya qaz tədarükünü dayandırması qitəni təşvişə salıb

İqtisadiyyat

Rusiya Qərbə nəql etdiyi qazı kəsməklə hədələyir. Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen xəbərdarlıq edib ki, qaz tədarükündə gələcək fasilələrə və hətta Rusiyanın onu tamamilə bağlamasına hazırlaşmalıyıq.

Mövzu ilə bağlı “Kaspi” qazetində məqalə dərc edilib.

Avropanı təşviş və qorxu bürüyüb. Rusiyanın qaz asılılığından qurtulmağı prioritet elan edən Avropanı indi Kreml özü şantaj edir. Demək olar ki, hər bir geosiyasi məsələdə fərqlənən Avropa üçün ən pis ssenari reallaşa bilər. Kremlin Avropaya qaz tədarükünü tarixi minimuma endirməsi qitədə şok effekti doğurub. Rusiyanın qaz nəhəngi “Qazprom” bəyan edib ki, Avropaya əsas marşrutu – “Şimal axını” boru kəmərini bağlayır. Səbəb kimi 10 günlük profilaktika göstərilsə də,  Avropa bunun həmişəlik olacağından qorxur. Qərb mediası yazır ki, Almaniya artıq isti suya və işığa qənaət edir, bütün Avropa fövqəladə tədbirlər elan etməyə hazırlaşır.  Bəs Rusiyanın bu addımı atmasına səbəb nədir? Çox güman ki, Qərbin artan sanksiyaları Rusiyanı çıxılmaz duruma salıb, ölkə iqtisadi cəhətdən problemlər yaşayır. Bu səbəbdən də on günlük bağlanma adı altında belə bir qərar qəbul edir. 

Aİ rəsmisi vəziyyətin ciddi olduğunu deyir

“Vəziyyət çox ciddidir və böhran daha da güclənə bilər. Ola bilsin ki, Rusiya qaz tədarükünü azaltmağa davam edəcək”, – Avropanın enerji komissarı Kadri Simson bildirib. Üç il əvvəl “Qazprom” Avropaya sutkada 500 milyon kubmetrə qədər qaz verirdi. Bu ilin may ayında isə bu rəqəm 250 milyon kubmetrə enib. İyulun əvvəlində – 140 milyon, daha az gücə malik “Türk axını”nın profilaktikası zamanı isə ixrac sutkada, təxminən 100 milyon kubmetrə düşüb. Yaxın 10 gündə Avropaya cəmi 75 milyon kubmetr vəd edilib. Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen Avropa Parlamentinə xəbərdarlıq edib: “Qaz tədarükündə gələcək fasilələrə və hətta Rusiyanın onu tamamilə bağlamasına hazırlaşmalıyıq”. Planın təfərrüatları hələ məlum deyil, lakin iki əsas fikir artıq aydındır. Birincisi, mövcud ehtiyatların və cari ehtiyatların bölüşdürülməsində həmrəylik – bu, böhran qarşısında hamının bərabər olması, varlı ölkələrin kasıblara kömək etməsi üçündür. İkincisi, tələbin azalması həmrəyliyi: hamı üçün kifayət qədər qaz yoxdursa, nəyə qənaət etmək və ilk olaraq kimin qaz tədarükünün dayandırılmasına razılaşmaq.

Avropa o vaxt “Qazprom”suz keçinə bilər ki…

Rusiya monopoliyası keçən yaydan bəri qaz klapanını tədricən qapadır. Ötən qışda tədarükün azalması Avropada qıtlığa və qiymətlərdə rekord sıçrayışa səbəb. Bu, Ukraynaya hücumdan əvvəl idi. İşğalın başlaması ilə Kreml Aİ-yə qarşı enerji müharibəsinin əsas silahı kimi qazı seçdi, çünki Avropa hələ ki, Rusiya qazından tamamilə imtina edə bilmir. Kremlin Aİ-nin boynuna taxdığı “qaz ilgəgi” Avropa qaz bazarının çökməsinə səbəb olub, qiymətlər ötən ilin əvvəlindən səkkiz dəfəyə qədər bahalaşıb. Rusiya qazına yeganə alternativ dəniz yolu ilə daşınan mayeləşdirilmiş təbii qazdır. Əsas təchizatçılar ABŞ və Qətərdir, lakin tədarük məhduddur. “Bloomberg Intelligence” hesab edir ki, Avropa 2026-cı ilə qədər onun idxalını iki dəfə artıra və ehtiyaclarının 40 faizini ödəyə bilər, lakin bu da hələ kifayət etməyəcək. “Rusiya qazının mayeləşdirilmiş qazla əvəzlənməsi potensialı, demək olar ki, tükənib” – “Bruegel” tədqiqat mərkəzinin analitikləri də eyni fikirdədir. Onlar hesab edirlər ki, yaxın 10 ayda istehlak 2019-2021-ci illərin orta göstəricisi ilə müqayisədə 15 faiz azalsa, o zaman Avropa “Qazprom”suz da keçinə bilər. Eyni zamanda, bəzi ölkələr (əsasən qərb və cənubda) ümumiyyətlə qənaət etməli olmayacaq, digərləri isə (əsasən şərq və şimalda) qaza tələbatın 50 faiz qədərini hansısa yolla azaltmalı olacaqlar. “Bruegel” ekspertləri yazır ki, bu balanssızlıq problemə ümumavropa yanaşmasını tələb edir.

Ölkələrin hansı planları var? 

Rusiyadan qaz alan ölkələr hansı addımları atır? Qazın, təqribən 80 faizini Rusiyadan təmin edən Avstriya üç mərhələdən ibarət ehtiyat planın ilk addımını işə salıb. Qaza olan tələbatının 90 faizindən çoxunu Rusiyadan alan Bolqarıstan ABŞ-dan mayeləşdirilmiş təbii qaz (LNG) almağa razılaşıb və qazın paylanmasını artırmaq üçün Azərbaycanla danışıqları sürətləndirib. Çexiya hökuməti emissiya limitlərinin pozulması səbəbindən gələn il bağlanacaq kömür elektrik stansiyalarının işləməsinə icazə verən qanun layihəsini dəstəklədiyini açıqlayıb. Bundan başqa, Energetika Nazirliyinə fövqəladə tədbirlər görməyə icazə verilib. Danimarka da üç mərhələdən ibarət olan qaz təchizatı planının ilk addımını aktivləşdirdiyini açıqlayıb. Finlandiya tədarük təhlükəsizliyini təmin etmək üçün boru kəmərlərinin yay təmirini təxirə salacağını bildirib. Qərar kəmərin keçdiyi digər Baltikyanı ölkələrlə birgə qəbul edilib. Fransada Rusiya qazından asılılığı sıfıra endirmək üçün səylərə başlanılıb. Qaz istehlakının 17 faizini Rusiyadan təmin edən Fransa “Şimal axını 1”də fasilədən ən az zərər görəcək ölkələr sırasındadır.  Qaz ehtiyacının 55 faizini Rusiyadan alan Almaniya fövqəladə tədbirlər planında 2-ci mərhələyə keçdiyini açıqlayıb. Qaz anbarlarının doldurulması üçün 15 milyard avro kredit ayrılacaq. Qaza olan tələbatının, təxminən 40 faizini Rusiyadan təmin edən İtaliya anbarın həcmini artırmaq üçün fəaliyyət planını açıqlayıb. Bundan əlavə, kömür elektrik stansiyalarının gücünün maksimuma çatdırılacağı bildirilib. İstehlak etdiyi qazın 15 faizini Rusiyadan idxal edən Hollandiya kömürlə işləyən elektrik stansiyaları üçün hasilatın yuxarı həddini qaldıracağını açıqlayıb. Ölkədəki qaz ehtiyacını LNG terminalı ilə təmin edən Polşa 12 mərhələli fövqəladə prosedura başladığını açıqlayıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir