“Azərbaycan Prezidentinin verdiyi bəyanat birmənalı olaraq Rusiya sülhməramlılarına və Ermənistan tərəfinə hərbi əməliyyatların başlanmasının mümkünlüyü barədə bir siqnal kimi də qəbul edilə bilər”.
Bunu Oxu.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Rusiyanın Ermənistan silahlı birləşmələrini Qarabağdan çıxarmaq barədə öhdəliyini yerinə yetirməməsi məsələsinə toxunub.
“Biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb… Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu, bəlkə də, indi demək yersizdir”, – deyə dövlət başçısı bildirib.
Məsələni şərh edən ekspert Ə.Verdiyev isə diqqətə çatdırıb ki, Ermənistan və Rusiyanın Azərbaycanla imzaladıqları 10 Noyabr Bəyannaməsinin şərtləri yerinə yetirilməzsə, Azərbaycan antiterror əməliyyatına başlaya bilər:
“Öhdəliklərə əməl edilməməsi Azərbaycan tərəfini dərindən narahat edir. Bəyannamənin imzalanmasından keçən 20 ay ərzində nə erməni silahlıları Qarabağdan çıxarılıblar, nə də Naxçıvanın Azərbaycanla ikitərəfli maneəsiz birləşməsini təmin edən yolun inşasına başlanıb. Rusiya sülhməramlıları əhalinin Azərbaycanda müvəqqəti nəzarət etdikləri ərazilərdəki doğma yurd-yuvalarına qayıtmasını təmin etməlidirlər.
Əgər imzalanan bəyannaməni üç tərəfdən ikisi yerinə yetirmirsə, o zaman Azərbaycan Ermənistanı imzaladığı sənədləri yerinə yetirməsinə məcburetmə əməliyyatlarına başlaya bilər. Bunun adını təmizləmə və ya antiterror əməliyyatı qoymaq olar. Nə ad daşımasından asılı olmayaraq Ermənistan üçün çox ağrılı nəticələrə gətirəcək. Bunun üçün Azərbaycanın kifayət qədər imkan və potensialı mövcuddur”.
Aqil Vəlili
www.RIA24.az