Azərbaycanda iqtisadi aktivlik tikinti sektoruna, xüsusilə də mənzil tikintisinə əhəmiyyətli təsir edir. Lakin məsələyə tikinti şirkətləri tərəfindən baxsaq, mənzərə daha fərqli görünür. Artan qiymətlər fonunda alıcının yükünü bir qədər də ağırlaşdıran tələblərdən biri də nəzərdə tutulmadığı halda mənzilin bəzi hissələrinin hesablama zamanı sahəyə (kvadrata) daxil edilməsidir.
Məsələ ilə əlaqədar Oxu.Az-a daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Azadov açıqlama verib.
Onun sözlərinə görə, Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq qanununun 59.3 maddəsində qeyd olunur ki, müqavilə üzrə yaşayış sahəsi hesablanarkən çöl divar, iç divar və havalandırma xətti nəzərə alınmamalıdır:
“Lakin satış zamanı bəzən fərqli mənzərələrlə rastlaşırıq. Məsələn, əgər eyvanın sağ və sol divarı varsa, onda 0,5 əmsalla, əgər yoxdursa, 0,3 əmsalı ilə hesablanmalıdır”.
Ekspert qeyd edib ki, bəzən tikinti şirkətləri bu qanundan məlumatsız ola bilərlər:
“Fikrimcə, məsələ ilə əlaqədar hansısa təbliğat işləri aparılmalıdır ki, tikinti şirkəti sözügedən qanun pozuntusuna yol verərsə, gələcəkdə hansı problemlərlə qarşı-qarşıya gələ bilər? Məsələn, gələcəkdə bir yaşayış kompleksində min nəfər yaşayır və sözügedən min nəfərin hüququ pozulub. Şirkət bu məsələdən bir neçə milyon manat pul qazana bilər, lakin daha sonra həmin vətəndaşlar toplanıb kütləvi şəkildə məhkəməyə müraciət etsələr, qazanılan bir neçə milyon pulu cərimə kimi zərərçəkmiş şəxslərə ödəməli olacaq. Burada həmçinin kompensasiya tələbi də aktualdır”.
E.Azadov qeyd edib ki, tikinti şirkətləri bu şəkildə artıq vəsait əldə edirlər:
“Ancaq qanunla bu əməl yanlış hesab olunur və vətəndaşlardan alınmış əlavə pul geri qaytarılmaldır. Məsələn, müqavilə ilə satılan 131 kvadratmetrlik mənzilin sahəsi sonradan faktiki olaraq 110 kv.m civarında çıxır. Çıxarışda isə 105 kvadratmetr göstərilir. Balkon 0,5 əmsal ilə hesablanır ki, əslində, balkon hər iki divarı olmasa, 0,3-lə hesablanmalıdır. Orta hesabla 15% iç və çöl divar olur.
Həmin qanun pozuntuları kiçikölçülü mənzillərdə daha çox baş verir”.
Ekspert həmçinin vurğulayıb ki, problemin aradan qaldırılması üçün qanun olsa da, ona nəzarət mexanizmi yoxdur.
Qeyd edək ki, mənzil satışı bazarında bəzi mənzillərdə dəhliz və ya digər hissələrdə qeyri-standart oval, üçbucaq və s. formalar olur. Mənzilin həmin yerlərdəki sahəsi az qala iki dəfə artıq hesablanır. Nəzərə alsaq ki, bu gün mənzilin bir kvadratmetri orta hesabla 1500 AZN-dir, belə olan halda ev sahibinə iki-üç min manata qədər artıq ziyan dəyir.
Aytac Qasımova
www.RIA24.az