Səxavət Məmmədovun oğlu: “Hələ də Ağdam ziyarətinin təsiri altındayam”

Mədəniyyət

Muğam ustası, tanınmış xanəndə Səxavət Məmmədovun oğlu Bəxtiyar Məmmədov Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərinə ilk səfəri ilə bağlı təəssüratlarını bölüşüb.

“Report”un məlumatına görə, o, səfərin təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.

“Komitənin rəhbərliyinə və bütün kollektivinə səfərin bu qədər yüksək səviyyədə və uğurlu təşkilinə görə minnətdarlığımı bildirirəm. Arzum budur ki, qürbətdə olan digər insanlarımız da işğaldan azad edilən torpaqlarımıza gəlsinlər, doğmalarının məzarlarını ziyarət etsinlər və təskinlik tapsınlar” – o qeyd edib.

Bəxtiyar Məmmədov hələ də bu ziyarətin təsiri altında olduğunu söyləyib:

“23 iyulu biz həmişə Ağdamın işğal günü, Ağdam şəhidlərinin anım günü kimi qeyd edirdik. Bu gün isə o tarixə çox yaxın bir gündə mən bir güllə atılmadan azad olunan Ağdama gedib atamın məzarını ziyarət edə bildim. Bu mənada qürurverici hisslər yaşadım. Bu hissləri bizə yaşadan ilk növbədə canını vətənə fəda edən şəhid və qazilərimizdir. Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə can sağlığı arzu edirəm. Dövlətimizə, Ali Baş Komandana güc, iradə və haqq işində uğurlar diləyirəm. Biz xaricdəki azərbaycanlılar da hər zaman xalqımızın, dövlətimizin yanında olacağıq”.

Qeyd edək ki, iyulun 20-də mərhum xanəndə Səxavət Məmmədovun oğlu Bəxtiyar Məmmədov illər sonra ilk dəfə Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərinə səfər edib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşdirilən səfər zamanı Bəxtiyar Məmmədov atasının məzarını ziyarət edib.

Uşaqlıqda teleaparıcı kimi tanınan Bəxtiyar Məmmədov hazırda ABŞ-da yaşayır.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir