Səudiyyə Ərəbistanının Azərbaycan üçün nəzərdə tutduğu humanitar yardımın bir hissəsi təhvil verilib

Baş səhifə

“Səudiyyə Ərəbistanı Krallığı tərəfindən Azərbaycan üçün nəzərdə tutulan 25 ton humanitar yardımın 20 tonu bu gün Sosial Xidmətlər Agentliyinə təhvil verilib”.

APA xəbər verir ki, bunu bu gün Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh Əlcüteyli jurnalistlərə açıqlamasında deyib.

Səfir qeyd edib ki, yardımın bir hissəsi Qafqaz Müsəlmanları İdarəsinə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim olunub. Onun sözlərinə görə, əsas məqsəd bu yardımları Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinə, xüsusilə ehtiyacı olan insanlara çatdırmaqdır:

“Bu təşəbbüs Səudiyyə Ərəbistanı tərəfindən digər müsəlman ölkələrində də həyata keçirilir və Krallığın qardaş ölkələrə ünvanladığı həmrəylik mesajı kimi qiymətləndirilir”.

Səfir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasının mövcudluğunu nəzərə alaraq, yardımların məhz bu qurum vasitəsilə paylanmasına üstünlük verildiyini deyib. O bildirib ki, bu, humanitar dəstəyin ehtiyacı olan şəxslərə daha operativ çatdırılmasına imkan verəcək.

Eyni zamanda səfir müqəddəs Ramazan bayramı ərəfəsində Səudiyyə Ərəbistanı rəhbərliyinin Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan hökumətinə və xalqına təbriklərini çatdırıb. O həmçinin prosedurun asanlaşdırılmasına görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təşəkkür edib.

Səfir çıxışında iki müqəddəs ocağın xadiminə və Səudiyyə Ərəbistanının vəliəhdinə də minnətdarlığını ifadə edərək, Azərbaycandakı dost və qardaş xalqa belə bir yardımın göndərilməsini yüksək qiymətləndirdiyini bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir