
Bakı.Trend:
Bu günlərdə Azərbaycanın ənənəvi olaraq ev sahibliyi etdiyi XIII
Qlobal Bakı Forumunun əhatə etdiyi “Keçid dövründə olan dünyada
fikir ayrılıqlarının aradan qaldırılması” mövzusu hazırkı dövrün
çağırışları ilə yanaşı, məsələnin həllində əsas faktor olan birgə
səylərin göstərilməsini və ədalətə, beynəlxalq hüquqa əsaslanan
yanaşmanın ortaya qoyulmasını bir daha aktuallaşdırdı. Bu kimi
çağırışlar hər bir ölkənin malik olduğu imkanların, dünyada söz
sahibliyinin təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan
Azərbaycanın istər regionda, istərsə də dünya siyasətində artan
rolu, söz sahibliyi diqqətdən kənarda qalmır və beynəlxalq
səviyyədə təqdir edilir. Tarixi Zəfərimizin, suverenliyimizin
bərpasının yaratdığı reallıqlar əsasında son illərdə bu istiqamətdə
ölkəmizin liderliyi daha aydın görünür. Dövlət başçısı İlham Əliyev
çıxışlarında, müsahibələrində Azərbaycanın liderliyini, artan
rolunu şərtləndirən amillərə hər zaman xüsusi diqqət yönəldir.
Reallıq budur ki, hazırda yeni dünya nizamı formalaşır, lakin
bununla bağlı fikir ayrılıqları mövcuddur. Bu yanaşma bütün
dövrlərdə mövcud olub və Azərbaycan zaman-zaman ən yüksək
tribunalardan sülhə, təhlükəsizliyə, əməkdaşlığa çağırışlar edərək
onların ümumi vəhdəti fonunda bir inkişaf modelinin qurulmasının
vacibliyini bildirib. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi
kimi, təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və biz
səylərimizi məhz bu istiqamətdə birləşdirməliyik.
Azərbaycanın beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul
edilməsində də sabitlik və təhlükəsizlik əsas faktor kimi diqqətdə
saxlanılır. Azərbaycan təhlükəsiz ölkə, sabitlik diyarı kimi
qazandığı nüfuza hər zaman yeni əlavələr edir. Başqa sözlə,
dövlətimiz daim yeni hədəflərin müəyyənləşdirilməsinə və onlara
doğru inamlı addımların atrılmasına səylər göstərir. Azərbaycan,
eyni zamanda, hər zaman iqtisadi müstəqilliyi ilə də diqqətdə olub.
Ölkəmizin malik olduğu resurslar ona beynəlxalq arenada iqtisadi və
siyasi dividendlər qazandırır. “Əsrin müqaviləsi” imzalandığı
dövrdə Azərbaycan neft ölkəsi kimi tanınırdı. Lakin illər keçdikcə,
Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə yanaşı, Bakı-Tbilisi-Ərzurum
qaz kəməri də reallığa çevrildikdən sonra Azərbaycan regonal
inkişafın aparıcı qüvvəsinə, həmçinin qaz ixracatçısına çevrildi.
Bu layihələr ölkəmizin siyasi mövqeyini də möhkəmləndirdi.
Azərbaycanın bugününə və gələcəyinə inam hazırda reallığa çevrilən,
həmçinin gündəmə gətirilən layihələrin timsalında özünün aydın
ifadəsini tapır. Ölkəmiz bu gün 16 ölkəyə qaz ixrac edir. Bu
əminliyi də ifadə edirik ki, bu, son rəqəm deyil. Ölkəmiz Avropanın
enerji bazarında mövcudluğunu genişləndirmək niyyətindədir. Artıq
Avropanın daha iki ölkəsinə – Almaniyaya və Avstriyaya qaz
tədarükünə başlanılıb. Hazırda Avropa İttifaqının 10 üzv dövləti
Azərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanın
yataqlarından yeni təbii qaz mənbələrinin istismarı ilə əlaqədar
olaraq hasilat həcmlərini artırmaq imkanımız genişlənir.
Bu fikirləri Trend-ə açıqlamasında Mİlli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın enerji
sektorunda qazandığı uğurların təqdimatında əhəmiyyətli rol oynayan
və ənənəvi keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində
nazirlərin builki iclasında Prezident İlham Əliyev bu hədəfi də
açıqladı ki, cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz
laylarından hasilatın başlanmasını gözləyirik. İki-üç il ərzində
“Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını
gözləyirik ki, bu da “Abşeron”dan qaz hasilatını üç dəfə artıracaq.
Eyni zamanda, “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatına
başlanması gözlənilir. 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi
üzrə hasilatın başlanması hədəflənib.
Yeni bazarlara, mövcud boru kəməri sisteminin
genişləndirilməsinə böyük ehtiyacın olduğu aydın şəkildə görünür.
Bütün bunlar Azərbaycanın həm yeni tərəfdaşlar qazanmasını, həm də
dünyanın enerji təhlükəsizliyinin təminatında rolunu artırmasını
şərtləndirir. Enerji təhlükəsizliyi ölkələrin milli
təhlükəsizliyinin ayrılmaz hissəsidir. Bu kimi məsələlər ölkəmizin
2024-cü ildə ev sahibliyi etdiyi COP29 tədbirində geniş müzakirə
edilməklə Bakı iqlim konfransının bu günədək müzakirə olunan uğurlu
nəticələrində aydın ifadəsini tapdı. Həmin iqlim konfransında
liderlər bu çağırışı etdilər ki, sülh olmadan dayanıqlı inkişaf
barədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan da biz
sülhü yarada bilmərik. Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə
verdiyi töhfələr yüksək dəyərləndirildi. Bu qiymətləndirmələr onu
deməyə əsas verir ki, Azərbaycan iqtisadi və siyasi müstəqilliyin
vəhdətini yaratmaqla dayanıqlı inkişafa geniş imkanlar yaradır.
Ölkəmizin bu gün dünyaya təqdim etdiyi sülh təcrübəsi də bu kimi
məqamların açıqlanmasında əhəmiyyətli rol oynayır. Tarixi
Zəfərimizdən sonra regionda dayanıqlı inkişafın təmin edilməsinin
prioritetliyi vurğulanmaqla yanaşı, buna nail olmağın yolu-sülhün
təmin edilməsi də irəli sürüldü. Azərbaycanın bu təklifinə
beynəlxalq dəstəyi hazırda Ermənistanla tarixi sülh razılaşmasının
əldə edilməsində aydın şəkildə görürük. Bu sülhün hansı uğurlara
yol açdığı da göz önündədir. Azərbaycan Ermənistanla sülh əldə
edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından
işləyir. Bu istiqamət Ermənistan ərazisindən keçəcək. Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan isə bu gün belə
olmadığı halda, müstəqil tarixində ilk dəfə tranzit ölkəsi olacaq.
Bu isə ölkəmizə Azərbaycanın iki hissəsini – əsas hissəsi və
Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik
kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri
vasitəsilə birləşdirməyə imkan verəcək. Beləliklə, bu, bizim üçün,
yəni ümumilikdə hamı üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq.
Vüqar Rəhimzadə vurğulayıb ki, Cənubi Qafqaz regionunun lider
dövləti olan Azərbaycan yalnız bölgədə deyil, bütün dünyada nüfuzlu
dövlət kimi qəbul olunur. Ölkəmizin bütün dövlətlərlə
bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında
əlaqələr qurması, ədalətin və beynəlxalq hüququn yanında olması,
yeni dünya nizamının məhz bu dəyərlər əsasında formalaşdırılmasına
çağırışlar etməsi və sair kimi mühüm məqamlar xarici siyasət
uğurlarımızın davamlılığında əhəmiyyətli rol oynayır. Azərbaycanın
əməkdaşlıq əlaqələrində qarşılıqlı etimad münasibətlərinin
qorunmasına xüsusi önəm verməsi, qonşuluq və qardaşlıq
prinsiplərini sözdə deyil, əməldə qoruması da liderliyini
möhkəmləndirməsində öz sözünü deyir. Son hadisələr bunun bir daha
təsdiqi oldu.
Millət vəkili onu da bildirib ki, əvvəldə qeyd etdiyimiz kimi,
artan geosiyasi gərginliklər dövlətlər üçün düşünülmüş siyasət
yürütməyi tələb edir. Azərbaycanın uğurlarında daim Lider və
düşünülmüş siyasət faktorları önə çəkilir. Ümummilli Lider Heydər
Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra mühüm çağırışlarından biri bu oldu ki,
müstəqilik yollarında ilk addımlarını atan ölkənin qarşısında
dayanan əsas vəzifə beynəlxalq aləmdə varlığını təsdiqləmək, yerini
və rolunu möhkəmləndirməkdir. Ulu Öndərin hər bir çağırışı
Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsində yol xəritəsi
oldu. Azərbaycan hər bir addımında müstəqil siyasət yürütdüyünü,
milli maraqları hər şeydən üstün tutduğunu nümayiş etdirir. Qlobal
problemlərin həllində, siyasi dialoqun təşviqində və beynəlxalq
tərəfdaşlığın möhkəmləndirilməsində Azərbaycanın rolunun artmasının
təsdiqi təbii ki, günümüzün reallıqlarıdır. Prezident İlham
Əliyevin bildirdiyi kimi, Azərbaycan əbədi sülhə sadiqdir. Bu,
bizim strategiyamız və siyasətimizdir.

