“Üç bacı dolması”na rekviyem

İdman

Ötən gün Azərbaycanın 3 klubu əli ətəyindən uzun üstümüzə qayıtdı. Bu “üçbaşlı əjdaha” (sən bir çəkiyə bax e!) köməkləşib 300 dəqiqəyə yaxın vaxta düz 1 qol da vurdu! Əslində, sərgilədikləri futbolu əjdaha ilə yox, milli yeməyimiz – “üç bacı dolması” ilə müqayisə etsək daha düzgün çıxar. Niyə? Çünki hər üçünü rəqibləri “dişinə çəkdi”, bəh-bəhlə yedi. Hə, hər üçünün əla bəhanəsi var: biri deyə bilər ki, o birilərə baxmış mən ən az qol buraxanı oldum, digəri deyə bilər ki, o birilərə baxmış mənə ən çətin rəqib düşdü, üçüncüsü də deyə bilər ki, o birilərə baxmış mən yeganə qol vuranı oldum. Alqış sədaları Azərbaycan futbolunun asimanına bülənd oldu. Nə gözəl! Ümumiyyətlə, məmləkətimizdə gəlişigözəl sözlər sarıdan heç vaxt korluq çəkməmişik. Bir neçəsini xatırladım ki, sizlərin də sevincdən gözləriniz yaşarsın:

– Transferləri elə edirik ki, bizə tək avrokuboklarda deyil, çempionatda da faydası dəysin;

– Bu, cari mövsümdə ilk oyunumuz idi, komandanın oturuşması üçün zamana ehtiyac var;

– Bəzi səhvlərimiz olmasaydı, rəqibi yıxıb-sürüyəcəkdik…

Əziz oxucu, tanış ifadələrdi, deyilmi? Nöqtə-vergülünədək olmasa da, ideya kimi ənənəvi bəhanələr toplusu kimi yəqin ki, sizlər də qəbul edərsiniz.

İndi isə icazənizlə bəndəniz də sadalanan bəhanələrə müvafiq cavablar versin.

1) Ölkə çempionatı və Kubokunda siz və komandanız klubunuzu təmsil edirsiniz və göstərdiyiniz nəticə lokal xarakter daşıyır. Məsələn, Premyer Liqada təmsil olunmayan bölgədə yaşayan hansısa sabirabadlı üçün “Neftçi”, “Zirə”, “Qəbələ”nin, yaxud “Sabah”, “Sumqayıt” və “Səbail”in qitəmiqyaslı turnirə getməsinin fərqi yoxdur. Yəni “gördünüz, mən çempionatı ikinci (3-cü, 4-cü) yerdə bitirdim ifadələrinin çəkisi 0-dı! Sən mənə ölkəmi necə təmsil etməyindən danış! Bax, budu sənin işinin aynası!

2) Cari mövsümdə ilk rəsmi oyun olanda məsuliyyət azalır? Cari mövsümdə ilk rəsmi oyuna görə, buraxdığın qolların yarısı silinir? Və nəhayət, məgər rəqiblərin üçün də bu, ilk rəsmi oyun olmur? Niyə məhz bizim üçün bu, anası ölmüş rəsmi oyunların debütü belə mühüm rol oynayır? Məsələn, ötən axşam Larnakada izlədiyim Kipr “Aris”inin futbolçuları 100 dəqiqəyə yaxın vaxt ərzində dovşan kimi qaçırdılar. Atam balası, nə olub, nə xəbərdir? A kişi, ilk oyundur e, bir dayanın görək, axı, bu, ilk oyun idi,  yorulmalı idiniz!

– Səhvlər buraxırsınız və rəqib qol vurur? Ay səni, rəqib! Axı, hansı üzlə qapımıza qol vurursan? Görmürsən ki, səhv etmişik?! Olmaz belə! Utanmadan qapılarımıza ümumilikdə 9 qol vurdular.

Sarkazmı kənara qoyanda isə daha əcaib situasiya yaranır. Təlim-məşq toplanışı nə üçün keçirilir? Fiziki və taktiki inkişaf, buraxıla biləcək səhvləri aradan qaldırmaq üçün. Yəni, bütün deyilənlər və gətirilə biləcək açıqlamalar yalnız və yalnız bəhanələr toplumudur.

Yuxarıdakı qeydlər məşqçi və klub rəhbərlərinin ötən axşamkı rüsvayçılığa görə payları idi. İndi də keçək futbolçulara. Hər mövsümün sonu “kor əsasını dirəyən kimi” futbolçular maksimal məvacib tələbi ilə kəsdirirlər klub rəhbərlərinin qapısının ağzını. Hansı üzlə edirsiniz bunu? Hansı üzlə siz tikintidə daş atan, 10-12 saat taksi sürən və bu kimi fiziki əziyyət çəkən insanlardan daha artıq məvacib tələb edirsiniz? Fəhlə, sürücü sizdən qat-qat faydalıdır bu ölkə üçün. Mən vicdanlı müəllim və həkimlər, polis və alimləri demirəm hələ.

…Ötən axşam start heyətində meydana çıxan futbolçulardan 18 nəfəri  Azərbaycan pasportunu daşıyırdı, lakin ümumilikdə 18 qəpiklik iş görmədilər. Bax, bu cür üzümüzü qara edənlərdən də sabah milli komanda formalaşacaq…

Millət hələ avrokuboklara start verməyib, biz isə yenə də bir tək “Qarabağ”ın ümidinə qalırıq. Sabah da “ölkələrin klub reytinqi açıqlandı”, “Azərbaycan klub reytinqində 1 pillə irəlilədi/2 pillə gerilədi” tipli başlıqlar manşet xəbəri olacaq. A kişi, klub reytinqində irəliləsə də, geriləsə də bu, mahiyyətcə tək “Qarabağ”la bağlı faktordur. Nə qədər acı olsa da, faktdan qaçmaq mümkün deyil. Qalanları isə say düzəltmək üçündü.

P.S. Mərhələ keçmək bir tərəfə, heç olmasa, cavab oyununda üçünüzə 7 xal toplayın.

Mənbə: Sport24.az

www.RIA24.az

Spread the love