
Bakı. Trend:
Avropa İstehlakçıları və Futbol Tərəfdarları (Euroconsumers və
Football Supporters Europe) təşkilatı bilet qiymətləri ilə əlaqədar
Avropa Komissiyasına şikayət edib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, iddiaçı tərəf ali futbol qurumu olan
FIFA-nı futbol üzrə dünya çempionatına biletlərin satışında inhisar
mövqeyindən sui-istifadə etməkdə ittiham edir.
Şikayətin mətninə əsasən, biletlərin satışına eksklüziv nəzarət
edən FIFA alıcılar üçün şişirdilmiş qiymətlər və qeyri-şəffaf
şərtlər müəyyən edir ki, bu da bazarda dominant mövqedən
sui-istifadəni qadağan edən Aİ-nin fəaliyyətinə dair müqavilənin
102-ci maddəsinin pozulması hesab oluna bilər.
Təşkilatlar ehtimal edilən bir sıra pozuntulara diqqət çəkir;
bunlara yerlərin bölüşdürülməsində yetərli şəffaflığın olmaması,
dinamik qiymətqoyma tətbiqi və ucuz biletlərin süni defisitini
yaratmaq kimi hallar daxildir. Onların məlumatına görə, final oyunu
üçün biletlərin qiyməti 4 min ABŞ dollarını ötür ki, bu da turnirin
əksər azarkeşlər üçün əlçatmaz olmasına gətirib çıxarır.

