
Bakı. Trend:
ABŞ müharibənin dayandırılması ilə bağlı plan hazırlayıb və
vasitəçilər yolu ilə onu İran hakimiyyətinə təqdim edib.
Trend xəbər verir
ki, bu barədə “The New York Times” məlumatlı mənbələrə istinadən
yazır.
Mənbələrin sözlərinə görə, plan 15 maddədən ibarətdir və digər
məsələlərlə yanaşı, ballistik raketlər, nüvə proqramı və dəniz
gəmiçiliyi ilə bağlı müddəaları əhatə edir.
Qəzet qeyd edir ki, jurnalistlər sənədin özünü görməyiblər.
Nəşrin həmsöhbətlərinin bildirdiyinə görə, ABŞ ilə İran arasında
əsas vasitəçi kimi Pakistanın Quru Qoşunlarının komandiri Asim
Munir çıxış edib. Onların sözlərinə əsasən, Munir İslam İnqilabı
Keşikçiləri Korpusu ilə sıx əlaqələr saxlayır və ABŞ ilə İran
arasında mesajların ötürülməsini təmin edə bilir.
İsrailin 12-ci kanalının jurnalisti Yaron Avraam isə bildirib
ki, onun məlumatına görə, ABŞ-nin sülh planı İranın nüvə
proqramından tam imtinasını, Fordo, Natanz və İsfahandakı nüvə
obyektlərinin sökülməsini, eləcə də artıq zənginləşdirilmiş bütün
uranın Beynəlxalq Atom Enerjisi Agentliyinə təhvil verilməsini
nəzərdə tutur.
Bundan əlavə, İran regiondakı proksi qruplaşmalarına dəstəkdən
imtina etməli, həmçinin raketlərinin sayını və uçuş məsafəsini
məhdudlaşdırmalıdır. ABŞ-nin sülh planına əsasən, Hörmüz boğazı
gəmiçilik üçün açıq zona elan edilməlidir. Bu şərtlərin yerinə
yetirilməsi halında isə plana görə, İrana qarşı bütün sanksiyalar
ləğv ediləcək və Buşəhrdə tikilən AES çərçivəsində “mülki nüvə
layihəsinin inkişafına” yardım göstəriləcək.
Bu arada Wall Street Journal isə İranın digər tələbləri
sırasında aşağıdakı şərtlərin yer aldığını yazır:
- zərbələrə görə kompensasiyaların ödənilməsi;
- Hörmüz boğazında yeni qaydaların tətbiqi, bunun sayəsində
İranın keçid edən gəmilərdən rüsum alması (Misir və Süveyş kanalı
ilə oxşar model üzrə); - müharibənin yenidən başlamayacağına dair təminatlar və İsrailin
Livandakı “Hizbullah” qruplaşmasına zərbələrini dayandırması; - İrana qarşı bütün sanksiyaların ləğvi;
- İranın raket proqramının heç bir məhdudiyyət qoyulmadan
saxlanılması.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.
İrana hərbi hava hücumları nəticəsində İran Ordusunun Baş
Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi, İslam İnqilabı
Keşikçilər Korpusunun (SEPAH) baş komandanı Məhəmməd Pakpur, Ali
Liderinin müşaviri və Müdafiə Şurasının katibi Əli Şəmxani, müdafiə
naziri Əziz Nəsirzadə, kəşfiyyat naziri İsmayıl Xətib, Ali Milli
Təhlükəsizlik Şurasının katibi Əli Laricani, Bəsic Təşkilatının
komandiri Qulamreza Süleymani və başqaları hərbi hava hücumları
zamanı ölüblər.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.

