“Avropa istəyirsə, buyursun, xərcini çəksin və qazını alsın. Biz isə öz qazımızı və hətta üçüncü tərəfin də qazını verə bilərik. Çünki biz qaz ölkəsi olaraq heç kəsə qısqanclıqla yanaşmırıq. Əsas odur ki, kapital yatırılsın və qazanılsın”.
Enerji təhlükəsizliyi məsələsi hər zaman ABŞ və Avropa İttifaqına daxil olan dövlətlər tərəfindən xüsusi önəm kəsb edib. Azərbaycan isə hələ ötən əsrin 90-cı illərində imzalanan “Əsrin müqaviləsi” ilə bu təhlükəsizlikdə özünün əhəmiyyətli yeri olduğunu sonrakı illərdə sübut etdi. Rusiya ilə Ukrayna arasında baş verən müharibə isə qoca Avropanı Kremldən asılılığı azaltmaq və alternativ mənbələr axtarmaq məcburiyyətində qoydu.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:
Məhz indi baş verən proseslər fonunda…
Xüsusilə mavi yanacaq baxımından Rusiyadan asılı olan Avropa ölkələri məngənədən nisbətən qurtulmaq üçün Azərbaycana üz tutmalı oldular. Cənub Qaz Dəhlizinin məhz indi baş verən proseslər fonunda Avropa üçün birinci dərəcəli əhəmiyyət kəsb etdiyi özünü göstərdi. Onu qeyd edək ki, Cənub Qaz Dəhlizi vasitəsilə hazırda 10 milyard kub metr qaz ixrac olunur. Halbuki kəmərin imkanları daha çoxdur və rəsmi Bakı hər zaman Avropaya bu imkandan istifadə imkanı yaradacağını da bəyan edib. Yaranmış situasiya fonunda Avropa İttifaqı bu istiqamətdə Azərbaycanla danışıqlar aparırdı. Hətta bu günlərdə Prezident İlham Əliyev altı ayın yekunlarına həsr edilən müşavirədə dəhliz vasitəsilə Avropaya əlavə qaz ixracı məsələsinə də toxunmuşdu. İyulun 18-də isə Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen və Prezident İlham Əliyev arasında Azərbaycan və Aİ arasında enerji sahəsində strateji əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Bu sənədin Azərbaycan üçün siyasi və iqtisadi əhəmiyyəti nədən ibarət olacaq?
“Avropanın bizdən nə qədər qaz alacağını bilmirdik”
Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında enerji məsələləri üzrə ekspert İlham Şaban bildirdi ki, “Şahdəniz”dən sonra növbəti qaz yatağımızın ehtiyatları böyük bazarlara çıxacaq: “Yəni növbəti qaz yatağı isə “Abşeron”dur. İndiyədək onun ikinci mərhələsinin layihə şəklində işlənməməsinə səbəb odur ki, Avropanın bizdən nə qədər qaz alacağını bilmirdik. Məhz Avropa mediasından sızdırılan məlumata görə, 10 milyard kub metr qaz almaq niyyətindədirlər. Bu da yaxın 10 ildə Azərbaycan üçün qaz ixracı potensialı yaradır”.
Ekspert vurğuladı ki, Cənub Qaz Dəhlizinin imkanı 31 milyard kub metr Avropa sərhədinə, Avropa ərazisində isə 20 milyard kub metrə qədərdir: “Biz bu gün 10 milyard kub metr qazdan bir az artıq ixrac edirik və bunu 20 milyard kub metrə qədər də çatdırmaq imkanımız var. Elə bu səbəbdən də məhz Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ixracı 20 milyard kub metrə qədər qaldırılacaq”.
“Əsas odur ki, kapital yatırılsın və…”
İ.Şaban gələcəkdə Türkmənistan qazının bu dəhliz vasitəsilə Avropaya ixracı məsələsinə toxunaraq qeyd etdi ki, belə bir addımın atılması mümkündür: “Buraya nəinki Türkmənistanın, başqa ölkələrin də qoşulması üçün heç bir maneə yoxdur. Amma bunun üçün investisiyalar və kəmərin gücünün artırılması üçün əlavə qurğuların tikilməsi vacibdir. Kim bunun üçün investisiya yatıracaqsa, o da bəhrəsini görəcək. Yəni söhbət Avropadan gedirsə və istəyirsə, onda buyursun, xərcini çəksin və qazını alsın. Biz isə öz qazımızı və hətta üçüncü tərəfin də qazını verə bilərik. Çünki biz qaz ölkəsi olaraq heç kəsə qısqanclıqla yanaşmırıq. Əsas odur ki, kapital yatırılsın və qazanılsın”.
“Azərbaycana uzunmüddətli öhdəçilik lazım idi”
Beynəlxalq idarəetmə üzrə ekspert Əhməd Əlili bildirdi ki, bu sənədi Avropa İttifaqının strateji seçimində dönüş kimi görmək lazımdır: “Çünki Avropa İttifaqı uzun müddətdir ki, Rusiya qazından imtina etməyi planlaşdırır. Amma onu nə ilə əvəz edəcəyi barədə qəti qərar verə bilmirdi. Azərbaycan tərəfinə lazım idi ki, uzunmüddətli öhdəçilik ortada olsun. Çünki qazın istehsalı elə bir məsələdir ki, burada uzunmüddətli öhdəçilik olmalıdır. Yəni qaz çıxarılandan dərhal sonra satılmalıdır. Onu neft kimi uzun müddət anbarlarda saxlamaq olmur. Avropa İttifaqı da üzərinə qısamüddətli öhdəlik götürmək istəyirdi ki, hazırda Rusiya ilə yaranmış böhran fonunda məsələləri bu və ya digər formada həll edə bilsin”.
“Brüsseldən daha çox xoş sözlər eşidəcəyik”
Ekspert vurğuladı ki, bu sənəd Avropa İttifaqı ilə uzunmüddətli öhdəliyin, o cümlədən strateji seçimin Azərbaycan üzərində cəmləndiyi bir məqamdır: “ “Əsrin müqaviləsi” imzalanandan sonra ABŞ və Avropa İttifaqının strategiyasına təsir edə bilən uzunmüddətli strategiya formalaşdı. Hesab edirəm ki, hazırda biz oxşar prosesləri yaşamaqdayıq. İndiki proseslər Azərbaycanın yaxın on ildə xarici siyasətinə təsir edən bir məqam olacaq. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasında yaxınlaşmanı təmin edən bir sənəddir. Əlbəttə ki, bu kontekstdə sənədin Azərbaycan üçün pozitiv tərəfləri çox olacaq. Həm sosial-siyasi proseslərin inkişafı, xüsusilə postmünaqişə cəmiyyəti quruculuğu məsələsində, həm də Qarabağla bağlı olan proseslər fonunda, düşünürəm ki, Brüsseldən daha çox xoş sözlər eşidəcəyik. Bir sözlə, bu sənədin əhəmiyyəti olduqca vacibdir”.
www.RIA24.az