
Bakı. Trend:
Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) rəsmi olaraq qeydiyyatdan
keçmiş ilk Çin şirkəti olan “Sunsync”yə ƏAİZ-də Günəş elektrik
stansiyasının (GES) tikintisi üçün ərazi təklif olunub.
Bunu Trend-ə
özəl müsahibəsində Ələt Azad İqtisadi Zonasının (ƏAİZ)
Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov
deyib.
O bildirib ki, sözügedən Çin şirkəti əvvəlcə öz qabaqcıl
texnologiyaları və innovasiya imkanlarını Azərbaycana gətirərərək,
ƏAİZ-də 23 hektarlıq günəş paneli istehsalı müəssisəsini
quracaq:
“İstehsal edilən məhsulların əksər hissəsi ixrac olunacaq. Çünki
istehsal həcmi çox böyük olacaq. İlk gündən məqsəd ondan ibarətdir
ki, tək Azərbaycan bazarı yox, dünya bazarına çıxaq. Təbii ki, Ələt
Azad İqtisadi Zonasında Çin şirkəti tərəfindən istehsal ediləcək
günəş panellərindən Azad Zonada tikilən müəssisələrin damının
örtülməsində də istifadə etməyi investorlara tövsiyə edirik. Eyni
zamanda, əlbəttə ki, həmin şirkət Azərbaycanda keçiriləcək bütün
tenderlərdə panellərin satışında iştirak edəcək”.
V. Ələsgərov vurğulayıb ki, Çin şirkəti ƏAİZ-də sözügedən
məhsulların istehsalına başladıqdan sonra Günəş elektrik
stansiyaları inşa edən şirkətlər üçün panelləri buradan almaq daha
rahat və əlverişli olacaq:
“Biz “Sunsync” şirkətinə Günəş elektrik stansiyası tikmək üçün
də ərazi verməyə hazır olduğumuzu bildirmişik. Yəni sözügedən Çin
şirkəti üçün Ələt Azad İqtisadi Zonasında istehsal edəcəyi günəş
panellərindən istifadə etməklə Günəş elektrik stansiyası tikərək,
oradan əldə olunacaq “yaşıl enerji”ni ƏAİZ-də çalışan şirkətlərə
satmaq imkanı yarana bilər”.
Sədr eyni zamanda digər layihə üzərində də çalışdıqlarını
diqqətə çatdırıb:
“Bu, külək elektrik stansiyalarının (KES) istehsalı ilə
bağlıdır. ƏAİZ-də KES-lər üçün pərlər və digər zəruri
avadanlıqların istehsalı üzrə müəssisənin inşası üçün bir neçə
şirkətlə danışıqlar aparılır. Belə ki, ƏAİZ-də külək elektrik
stansiyaları üçün lazım olan avadanlıqların istehsalı istehsal və
inşaat xərclərini azaldacaq, eyni zamanda külək elektrik
stansiyaları avadanlıqlarının daşınması üçün yaranan nəqliyyat və
logistika çətinliklərini aradan qaldıracaq.
Paralel olaraq artıq ağır sənaye üçün ayrılmış ərazidə inşaat
işlərinə başlamışıq. 364 hektarda torpaq işlərini bitirmişik. Bu
il, başqa infrastruktur işlərinə də başlamağı planlaşdırırıq. Ağır
sənaye üçün ayrılmış ərazinin daxilində işlər Səlahiyyətli Qurum
tərəfindən aparılacaq. Ərazi xaricində isə yaxın zamanda
“Azərenerji” böyük bir yarımstansiya tikintisi işlərinə
başlayacaqdır. Bununla yanaşı digər dövlət qurumları da
infrastruktur işlərini aparacaqlar. Artıq çox müsbət bir haldır ki,
ağır sənaye üçün ayrılmış ərazidə fəaliyyət göstərmək məqsədilə
müraciətlər daxil olur. Yaxın zamanda Ələt Azad İqtisadi Zonasında
böyük müəssisələrin yaradılması ilə bağlı layihələri elan
edəcəyik”.

