
Bakı. Trend:
Azərbaycan Tikinti Assosiasiyasının təşkilatçılığı ilə
Assosiasiyanın üzv şirkətlərinin nümayəndələrindən ibarət nümayəndə
heyətinin Belarus Respublikasına, qarşı tərəfin dəvəti əsasında,
əməkdaşlıq niyyətli işgüzar səfəri həyata keçirilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ATİA İdarə
Heyətinin sədri Ramiz İsayevin başçılığı ilə, Assosiasiyanın rəhbər
heyəti və üzv şirkətlər – “Crystal Group of Companies” ASC, “Unimetal” MMC, “Fəxrəddin-K” MMC, “İzo Fasad” MMC və digər
korporativ üzvlərdən ibarət heyətlə Belarus Respublikasının
aidiyyəti dövlət qurumları, peşəkar birlikləri, layihə və
ekspertiza institutları, eləcə də tikinti sektoru nümayəndələri ilə
bir sıra məhsuldar görüşlər keçirmişdir. Görüşlər zamanı tikinti
sənayesinin inkişafı, şəhərsalma, layihələndirmə, ekspertiza
fəaliyyəti, istehsal imkanları, innovativ texnologiyalar və
institusional əməkdaşlıq istiqamətləri üzrə geniş fikir mübadiləsi
aparılıb.
Səfərin əsas hissəsi Belarus Memarlıq və Tikinti Nazirliyinin
naziri Aleksandr Studnevin qəbulunda keçirilmiş rəsmi görüş
olub.
Nazir Azərbaycanla tikinti sahəsində əməkdaşlığın
genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb və iki ölkə
rəhbərləri arasında formalaşan etibarlı tərəfdaşlığın əməkdaşlığa
güclü təkan verdiyini qeyd edib. Görüşün nəticəsi olaraq Belarus
Respublikası İnşaatçılar İttifaqı ilə Azərbaycan Tikinti
Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum
memarlıq və tikinti sahəsində sistemli əməkdaşlığı və irimiqyaslı
birgə layihələr üçün hüquqi bazanı təmin edir.
Bundan sonra nümayəndə heyəti Belarus Tikinti İttifaqının
ofisində B2B formatında görüşlərdə iştirak edib, “Belstroytsentr”,
Baş Dövlət Tikinti Ekspertizası, Belarus Elmi-Tədqiqat və Layihə
Şəhərsalma İnstitutu və “Belqosproekt” ilə müzakirələr aparıb. Bu
görüşlərdə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi, peşəkar
əlaqələrin genişləndirilməsi və gələcək birgə təşəbbüslərin
formalaşdırılması məsələləri diqqət mərkəzində olub.
Azərbaycan Tikinti Assosiasiyası hesab edir ki, belə səfərlər
beynəlxalq işgüzar tərəfdaşlığın inkişafı, sektorlararası
əlaqələrin gücləndirilməsi və milli tikinti sektorunun qabaqcıl
beynəlxalq təcrübə ilə daha sıx inteqrasiyası baxımından mühüm
əhəmiyyət daşıyır.

