
Bakı. Trend:
Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı səsləndirdiyi
iqtisadi göstəricilər və yeni investisiya planları Azərbaycanın
bölgədəki iqtisadi liderliyinin və Gürcüstanla qurulan sıx
tərəfdaşlığın praktiki nəticələrini ortaya qoyur.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov
deyib.
Millət vəkilinin fikrincə, bu rəqəmlər Azərbaycanın Gürcüstanın
iqtisadi inkişafına və regional inteqrasiyaya verdiyi böyük
dəstəyin təzahürüdür:
“Gürcüstanın müsbət sərmayə şəraiti sayəsində Azərbaycanın bu
ölkə iqtisadiyyatına 3,7 milyard dollar investisiya yatırması
tərəfdaşlığın dərinliyindən xəbər verir. Xüsusilə energetika və
nəqliyyat sektorlarında qurulan infrastruktur, o cümlədən 20 ildir
fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan kəməri və Cənub Qaz Dəhlizi
bu gün geniş bir coğrafiyanın enerji təhlükəsizliyinin əsasını
təşkil edir”.
Deputat vurğulayıb ki, Azərbaycan qazının 16 ölkəyə ixrac
olunması və bu zəncirin məhz Gürcüstandan başlaması hər iki dövləti
Avrasiyanın mühüm enerji mərkəzinə çevirir:
“Eyni zamanda, Orta Dəhlizin genişləndirilməsi üzrə atılan
addımlar Azərbaycan və Gürcüstanı qlobal logistik marşrutların
mərkəzi nəqliyyat damarına çevirməkdədir. Bu əməkdaşlıq formatı
göstərir ki, Bakı və Tbilisi arasındakı münasibətlər qarşılıqlı
inam və ortaq mənfəət üzərində qurularaq bütün qonşu dövlətlər üçün
real və uğurlu bir nümunədir”.

