
Bakı.Trend:
İran limanlarının hərbi dəniz blokadasının başlaması fonunda
İsrail ordusu yüksək hərbi hazırlıq vəziyyətinə gətirilib.
Trend xəbər verir
ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
“Amerika hərbçilərinin yaxın vaxtlarda İrana qarşı dəniz
blokadasına başlaması gözlənildiyinə görə, İsrail Müdafiə Ordusu
hadisələrin istənilən inkişafına qarşı yüksək hazırlıq vəziyyətində
qalır”, – bəyanatda bildirilir.
Qeyd olunur ki, hazırda mülki əhali üçün Arxa Cəbhə
Komandanlığının təlimatlarında dəyişiklik yoxdur, lakin IDF zərurət
yaranacağı təqdirdə İranda döyüş əməliyyatlarını bərpa etməyə
hazırdır.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi
əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o
cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından
qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana
endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli
Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın
İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab
əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda
ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları
ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,
Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb.
Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və
danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,
müvəqqəti atəşkəs barədə razılığa gəliblər.
11 apreldə ABŞ və İran arasında İslamabadda keçirilən
danışıqlarda razılaşma əldə olunmayıb.

