
Bakı. Trend:
Aprelin 15-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR)
prezidenti Rövşən Nəcəf ABŞ Dövlət Departamentinin baş müşaviri
Rebeka Nef və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə
meneceri Sara Leminq ilə görüşüb.
Trend SOCAR-a
istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında
enerji sahəsində uzun illər ərzində davam edən uğurlu əməkdaşlıq
məmnunluqla qeyd olunub.
Cari ilin fevralında “Azərbaycan Respublikası Hökuməti ilə
Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq
Xartiyası”nın imzalanmasının ikitərəfli münasibətlərin inkişafı
baxımından tarixi əhəmiyyət daşıdığı bildirilib. Bu xüsusda, iki
ölkə arasında enerji sektorunda əməkdaşlıq üçün geniş
perspektivlərin olduğu diqqətə çatdırılıb.
Söhbət zamanı SOCAR ilə ABŞ şirkətləri arasında enerji
sektorunun müxtəlif istiqamətləri üzrə uğurlu əlaqələrin olduğu
vurğulanıb.
Görüşdə TRIPP layihəsinin və Orta Dəhliz üzrə mövcud enerji
marşrutlarının regional əməkdaşlıq baxımından önəmi vurğulanıb,
qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.

