
Antalya. Trend:
Ermənistan Cənubi Qafqaz regionunda iqtisadi və enerji
əlaqələrinin inkişafında maraqlıdır.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata
görə, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Vahan
Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel
müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, dayanıqlı sülhün təmin edilməsi davamlı iş
və institusional yanaşma tələb edir.
“Sabitlik və sülhün qurulması gündəlik, davamlı səylər tələb
edir. Sülh bir dəfə əldə edilən bir şey deyil — onu daim qorumaq və
institusional səviyyədə möhkəmləndirmək lazımdır”, — deyə o qeyd
edib.
Nazir müavini vurğulayıb ki, Ermənistan regionda iqtisadi
əlaqələrin inkişafına xüsusi önəm verir.
“Biz artıq Azərbaycanla ticarətə başlamışıq və yaxın gələcəkdə
Ermənistanın da Azərbaycana məhsul ixrac etməsini gözləyirik”, —
deyə Kostanyan bildirib.
Onun sözlərinə görə, perspektivli istiqamətlərdən biri enerji
əməkdaşlığı və regional əlaqəliliyin inkişafıdır.
“Enerji təhlükəsizliyi yalnız ikitərəfli deyil, həm də regional
səviyyədə potensial əməkdaşlığın vacib hissəsidir. Biz enerji
təchizatı mənbələrinin diversifikasiyasına, eləcə də Mərkəzi Asiya
və Azərbaycandan Avropaya gedən enerji resursları üçün tranzit
mərkəzinə çevrilməkdə maraqlıyıq”, — deyə nazir müavini
vurğulayıb.
O həmçinin bildirib ki, Ermənistan ABŞ ilə iri infrastruktur
layihələrində iştirak edir.
“Biz ABŞ tərəfdaşlarımızla üç böyük layihə həyata keçiririk,
bunlara dəmir yolları, avtomobil yolları, həmçinin enerji
şəbəkələri və boru kəmərləri daxildir”, — deyə nazir müavini əlavə
edib.
O, bərpa olunan enerji və Avropa İttifaqı ilə əməkdaşlığın
əhəmiyyətini də qeyd edib.
“Ermənistan regionda “yaşıl enerji” istehsalında liderlərdən
biridir. Biz həmçinin yeni atom elektrik stansiyasının tikintisini
planlaşdırırıq və Avropa İttifaqı ilə əməkdaşlığı fəal şəkildə
genişləndiririk”, — deyə Kostanyan bildirib.
Onun sözlərinə görə, Avropa istiqaməti Ermənistan üçün strateji
əhəmiyyət daşıyır.
“Aİ ilə əməkdaşlıq bizim üçün son dərəcə vacibdir və Ermənistan
xalqının Avropa istəklərini əks etdirir. Bu kontekstdə Gürcüstanın
Avropa gələcəyi də Ermənistan üçün böyük əhəmiyyət kəsb edir”, —
deyə V. Kostanyan vurğulayıb.

