Bildiyiniz kimi, “Maydan”ın “Anti-maydan”a apardığı kimi inqilab da əks inqilaba təhrik edir. Ermənistanda başlaya biləcək “Anti-maydan”ın nəticəsinin nə olacağını demək çətindir. Ancaq proses artıq başlayıb. Bu həftə Ermənistanda “Soros” Fondunun fəaliyyətinə qarşı “Kamk” (“İradə”) ictimai təşkilatı mitinq keçirdi. Etirazçılar Baş nazir Nikol Paşinyanı ölkənin bütün hökümət orqanlarından “Sorosluları” uzaqlaşdırmağa və “Soros” Fondunun ölkədəki fəaliyyətini qadağan etməyə çağırdılar.
Tanınmış Sovet və Rus kinorejissoru, ictimai xadim, “Mosfilm” konserninin baş rejissoru və idarə heyətinin sədri, Rusiyanın Xalq artisti Karen Şahnəzərov iyul ayında “Russia Today” (RT) telekanalının baş redaktoru Marqarita Simonyanın hazırkı Ermənistan hakimiyyətini ölkəni anti-Rusiya qeyri-kommersiya təşkilatları ilə doldurmaqda və dövlətin ərazisini Qafqazdakı anti-Rusiya qüvvələri üçün tramplinə çevirməkdə ittiham edən müraciətinə qoşulub.
Karen Şahnəzərov Media.Az-ın suallarını cavablandırıb:
– Əlbəttə, deyə bilmərəm ki, indi Azərbaycanda olduğu kimi Ermənistanda da siyasi həyatdakı dəyişkənliyi yaxından izləyirəm. Bəli, Marqarita Simonyanın müraciətini imzalamışam. Erməni elitasının bir hissəsinin qərbyönümlü əhval-ruhiyyəsindən bir qədər ehtiyat edirəm. Mən əlbəttə, suverenliyini qorumaqla həm Ermənistanın, həm də Azərbaycanın Rusiya ilə sıx birliyinin tərəfdarıyam.
– Belarus hadisələri “rəngli inqilabların” davam etməsi tendensiyasını göstərir, baxmayaraq ki, indi bu ölkədəki gərginlik səngiyib…
– Belə deməzdim. Oradakı vəziyyət kifayət qədər mürəkkəbdir. Bəli, bəzi sabitləşmə elementi var, lakin gərginlik qalır.
– Ancaq Belarusda “rəngli blitskrik” baş vermədi…
– Bəli, amma unutmamalıyıq ki, Belarusda, məsələn Ukraynadan fərqli bir vəziyyət var. Ukraynada hələ Sovet dövründə millətçi qüvvələr kifayət qədər güclü idi, ancaq Belarusda bu heç indi də yoxdu. Halbuki bəzi oxşarlıqlar tapmaq olar, bunu inkar etmirəm.
– Buna baxmayaraq, bu payız gərgin keçəcəyini vəd edir. Qırğızıstan və Gürcüstanda parlament seçkiləri, Ukraynada yerli seçkilər, Moldovada prezident seçkiləri. Və sadaladığım ölkələrin mütəxəssisləri yeni “rəngli inqilablar” dalğasını istisna etmirlər. Bu proseslər xaricdən idarə edilir?
– Hesab edirəm ki, belədir. Aydın məsələdir ki, postsovet məkanı xaricdən gələn müxtəlif qüvvələrin maraqlarından kənarda qalmayacaq nəhəng bir ərazidir. Eyni zamanda, burada müəyyən bir təlatüm var, maraqlı tərəflər bunu hiss edir.
Sovet İttifaqının dağılmasından təxminən 30 il keçib, amma bu, əslində qısa müddətdir. Bu təkan (dağıdıcı – red.) hələ də işləyir və bundan istifadə etmək istəyirlər. Ancaq bu payızın əsas seçkiləri bizim məkanda deyil, ABŞ-da olacaq. ABŞ-ın özünə nə olacaq? İndi ABŞ müəyyən dərəcədə inqilab adlandırılan şeyi özü yaşayır. Axı ABŞ qlobal bir imperiya olaraq, postsovet respublikaları da daxil olmaqla bütün dünyaya təsir göstərir.
– Bir çox Qərb mütəxəssisi nəşrimizə söhbətlərində qeyd edib ki, ABŞ-da demokratların hakimiyyətə gəlməsi Vaşinqtonun postsovet məkanındakı proseslərə daha çox cəlb olunması deməkdir. Bu fikirlə razısınız?
– Postsovet məkanı üçün heç bir fərq olmayacaq. Demokratlar da, Respublikaçılar da ekspansiya siyasətini davam etdirəcək, daxili işlərə qarışacaqlar.
Ancaq başqa bir məsələ də var; ABŞ-da seçkilər necə keçəcək? Göründüyü kimi, onlar ABŞ-ın dünya siyasətinə təsirini xeyli zəiflədə bilərlər. Onların sadəcə digər məsələlərə vaxtları çatmayacaq. Demokratlar faktiki olaraq seçkiləri tanımayacaqlarını açıqladılar. Görünən odur ki, Donald Tramp da barışmaz mövqedədir. Bu, bir çox amerikalı mütəxəssisin dediyi kimi vətəndaş müharibəsinə çevrilə biləcək daxili qarşıdurma deməkdir. Hər halda, bütün bunlar ABŞ-ı bir dünya imperiyası olaraq zəiflədə bilər, bu səbəbdən Vaşinqtonun postsovet məkanını düşünməyə vaxtı olmayacaq.
– Postsovet məkanının bəzi ölkələrində “rəngli inqilablar”ın həm də bir neçə dəfə müvəffəqiyyət qazandığını, başqalarında isə məsələn, Azərbaycanda, Qazaxıstanda, Rusiyada uğursuz olduğu ilə bağlı vəziyyəti necə izah edə bilərsiniz?
– Əlbətdə ki, xaricdən gələn hər cür təxribatlarla yanaşı obyektiv səbəblər də var. Ölkələrin rəhbərliyinin səhvləri. Fikrimcə, Azərbaycanda, Rusiyada, Qazaxıstanda belə səhvlərə yol verilməyib. Hökumət çətinliklərə adekvat cavab verir, düzgün siyasət qurur. Buna görə, sadaladığınız ölkələrdə “rəngli inqilab” üçün obyektiv amillərin olmadığına görə, belə hadisələrin az riski var. Vəziyyəti idarə edən və necə işləməyi bilən Rusiya, Azərbaycan və Qazaxıstan liderlərinə hörmət etməliyik. Mən vəziyyətin kifayət qədər sabit olduğu Özbəkistanı da siyahınıza əlavə edərdim.
– Və son sual. Bir neçə il əvvəl müsahibənizi oxudum, siz Bakıya gəlməyi çox istədiyinizi dediniz. Bu doğrudur?
– Bəli doğrudur. Bakıya gəlmək arzum var idi və indi də var. Atam Bakıdandır, Böyük Vətən müharibəsi illərində Bakıdan cəbhəyə yola düşüb. Xüsusilə qeyd edim ki, istərdim ki, münaqişə (Qarabağ – red.) həll olunsun, erməni və Azərbaycan xalqları düşmənçilik etməsinlər.
– Bəs sizi dəvət etsələr…
– … Böyük məmnuniyyətlə gəlmək istərdim! Atam Bakı haqqında çox danışırdı və mənim çoxlu azərbaycanlı dostlarım var.