
Bakı.Trend:
Yaponiyanın şimal-şərqində yerləşən İvate prefekturasında baş
verən meşə yanğınları artıq 430 hektardan çox meşə zolağını əhatə
edib.
Trend xarici
mediaya istinadən xəbər verir ki, barədə Yaponiyanın Nazirlər
Kabinetinin Baş katibi Minoru Kihara jurnalistlərə bildirib.
“Bu gün səhər saat 8-ə olan məlumata görə, yanğın Otsuti
qəsəbəsinin Kotsuti rayonunda təxminən 105 hektar, Kirikiri
rayonunda isə təxminən 326 hektar ərazini əhatə edib”, – deyə o
qeyd edib.
Kihara həmçinin bildirib ki, hazırda bir zərərçəkən barədə
məlumat var – yerli sakin evakuasiya məntəqəsində yıxılaraq yüngül
xəsarət alıb.
Məlumata görə, meşə yanğınları ilə əlaqədar 2500-dən çox sakin
üçün təxliyə xəbərdarlığı edilib. Hadisə yerində yanğınsöndürənlər
Özünümüdafiə Qüvvələrinin hərbçilərinin dəstəyi ilə alovla
mübarizəni davam etdirirlər.
Yanğınsöndürmə əməliyyatlarına xüsusi helikopterlər cəlb
olunub.

