
Bakı. Trend:
Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya
mərhələsindədir. Qlobal və regional münaqişələr, humanitar
böhranlar və geosiyasi rəqabət dövlətlərin xarici siyasət
prioritetlərini yenidən formalaşdırır. Xüsusilə Rusiya-Ukrayna
müharibəsi, Yaxın Şərqdə davam edən qarşıdurmalar və Afrika
qitəsində humanitar problemlərin artması fonunda dövlətlər yalnız
hərbi və siyasi deyil, humanitar alətlər vasitəsilə də təsir
imkanlarını genişləndirirlər. Bu mürəkkəb şəraitdə Azərbaycan özünü
yalnız regional aktor kimi deyil, müxtəlif münaqişə zonaları
arasında əlaqələndirici “humanitar körpü” kimi təqdim edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Trend İnformasiya Agentliyinin baş direktorunun
müavini Rufiz Hafizoğlu söyləyib. O qeyd edib ki, bu gün
Azərbaycanın humanitar siyasəti formal yardım çərçivəsindən kənara
çıxaraq strateji xarakter daşımaqdadır. Bu siyasət ölkənin
çoxvektorlu diplomatiyasının mühüm komponentidir və onun əsas
məqsədi müxtəlif geosiyasi mərkəzlərlə balanslı münasibətləri
qorumaq, eyni zamanda, beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini
gücləndirməkdir ki, rəsmi Bakı bunu dəfələrlə peşəkar səviyyədə
sübut edib. Humanitar yardım bu baxımdan həm siyasi mesaj, həm də
diplomatik təsir aləti kimi çıxış edir.
Bu siyasətin ən diqqətçəkən istiqamətlərindən biri Azərbaycanın
Ukrayna ilə bağlı fəaliyyətində özünü göstərir. Müharibənin
başlanmasından etibarən Azərbaycan Ukraynaya enerji infrastrukturu
üçün texniki avadanlıq, tibbi vasitələr və sosial yardım paketləri
göndərib. Bu addımlar bir tərəfdən beynəlxalq hüquqa sadiqliyin
ifadəsi kimi qiymətləndirilir, digər tərəfdən isə Azərbaycanın Qərb
ilə münasibətlərində müsbət siyasi fon yaradır. Bununla belə, Bakı
hərbi müdaxilədən uzaq duraraq balanslı mövqeyini qoruyur.
Ukrayna Prezidenti Volodomir Zelinksi Azərbaycan Prezidenti
İlham Əliyevlə görüşü zamanı da bu məsləyə toxundu. Münaqişə zamanı
humanitar yardımın çatdırılması bir dövlətin bunu siyasətdən kənar
saxlayaraq milli strategiya halına çevirməsi olduqca az rast
gəlinən bir haldır. Azərbaycan sözün əsl mənasında humanitar sahəni
milli strategiya hesab edən nadir dövlətlərdən biridir.
Ölkəmizin humanitar missiyası yalnız Ukrayna ilə
bitmir
“Azərbaycanın İran ilə münasibətləri isə humanitar
diplomatiyanın daha incə və həssas tərəfini ortaya qoyub. Siyasi
gərginliklərə baxmayaraq, humanitar əməkdaşlıq kanallarının açıq
saxlanılması Bakının regionda eskalasiyanın qarşısını almaq
siyasətinin tərkib hissəsinə çevrilib. Bu yanaşma göstərir ki,
humanitar əlaqələr yalnız sosial yardım deyil, eyni zamanda,
diplomatik dialoq üçün alternativ mexanizm rolunu oynayır.
Bütün bunlarla yanaşı, Yaxın Şərq istiqamətində Azərbaycanın
humanitar fəaliyyəti xüsusilə diqqətəlayiqdir. 2020-ci ildə Beyrut
limanı partlayışı nəticəsində Livan paytaxtında baş verən
dağıntılar və humanitar böhran fonunda Azərbaycan operativ şəkildə
yardım göstərən ilk ölkələr sırasında oldu. Tibbi ləvazimat, dərman
vasitələri və digər zəruri humanitar yüklər Livana göndərildi. Bu
addım Azərbaycanın yalnız region daxilində deyil, daha geniş
coğrafiyada humanitar məsuliyyət götürmək iradəsini nümayiş
etdirdi”,- deyə R. Hafizoğlu vurğulayıb.
Ekspertin sözlərinə görə, bu günə kimi Livana bir çox məsələdə
humanitar yardım etməyən ərəb ölkələri var.
Eyni yanaşma Suriya ilə bağlı siyasətdə də özünü göstərir. Uzun
illər davam edən müharibə nəticəsində ciddi humanitar böhran
yaşayan Suriyaya Azərbaycan müxtəlif platformalar vasitəsilə, eləcə
də birbaşa yardım göstərib. Xüsusilə beynəlxalq təşkilatlar
çərçivəsində tibbi və humanitar dəstək proqramlarında iştirak
etməsi Azərbaycanın bu ölkəyə dolayı, lakin davamlı yardım
siyasətinin göstəricisidir. Bu yardımın əsas məqsədi münaqişənin
tərəfi olmaq deyil, humanitar böhranın təsirlərini azaltmaqdır.
Bu kimi misalları çox çəkmək olar.
Azərbaycanın humanitar siyasətində Afrika
istiqaməti
Azərbaycanın humanitar siyasətində Afrika istiqaməti də mühüm
yer tutur. BMT və Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilən
layihələr vasitəsilə Bakı Afrika ölkələrinə maliyyə, tibbi və
texniki yardım göstərir. Bu fəaliyyət yalnız humanitar məqsədlərlə
məhdudlaşmır, həm də beynəlxalq təşkilatlarda siyasi dəstəyin təmin
olunmasına xidmət edir.
Bütün bu istiqamətlər Azərbaycanın “humanitar körpü” modelinin
sistemli xarakter daşıdığını göstərir. Bu model sayəsində
Azərbaycan eyni vaxtda bir-biri ilə rəqabət aparan və hətta
qarşıdurma vəziyyətində olan dövlətlərlə münasibətləri qoruyub
saxlayır. Bakı özünü münaqişələrin tərəfi kimi deyil, humanitar
əlaqələndirici kimi təqdim edir və bu da ona diplomatik manevr
imkanları qazandırır.
Qlobal güclər arasında rəqabətin dərinləşməsi balansın
qorunmasını çətinləşdirdiyi bir dövrdə, bu humanitar kurs müəyyən
risklər ehtiva etməsinə baxmayaraq, rəsmi Bakı bu missiyanın
öhdəsindən ustalıqla gəlir.
“Azərbaycanın münaqişə dövrlərində həyata keçirdiyi humanitar
yardım missiyası onu beynəlxalq münasibətlər sistemində
fərqləndirən əsas amillərdən birinə çevrilib. Ukrayna, İran, Livan,
Suriya və Afrika istiqamətlərində paralel fəaliyyət göstərmək
ölkəni müxtəlif geosiyasi qütblər arasında əlaqə yaradan nadir
aktorlardan birinə çevirir. Bu isə Azərbaycanın yalnız regional
deyil, qlobal səviyyədə də təsir imkanlarının artdığını göstərir”,
– deyə o əlavə edib.

