Səttar Möhbalıyevə qarşı düzənlənən şər və böhtan kampaniyalarının arxasında ictimaiyyətin diqqətini korrupsiyaya qarşı mübarizənin əsil hədəflərindən yayındırmaq niyyəti durur
Mənim bu yazıda “sapı özümüzdən olan balta”nın nağılına bir daha oxucularımıza təqdim etmək kimi bir niyyətim yoxdur. Nə də olsa, bu hekayəni, uşaqdan böyüyə, hər kəs dəfələrlə eşidib. Amma görünən budur ki, heç də hər kəs bu kiçik həcmli nəqldə ifadə olunan böyük mənanı yetərincə qiymətləndirmir. Heç də hər kəs “əl boyda dəmir parçası”nın qocaman ağacları olan böyük bir ormanda hansı fəlakətlərə yol aça biləcəyini sonadək dərk etmir. Amma bəlkə də mən bu baltanı özlərinə alət etmək istəyənlərin əsil niyyətlərini düzgün qiymətləndirmirəm. Bəlkə də bu gün həmin baltanın “özümüzdən olan sapı”nı saxlayan əllərin də əsil istədikləri məhz elə aranı qarışdırmaq, suyu bulandırmaqdır…
Bu gün Azərbaycanda Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa tapşırıqları əsasında korrupsiya və rüşvətxorluğa qarşı amansız və barışmaz mübarizənin aparıldığına hamımız şahidik. Hansı vəzifəyə və ya qohumluq əlaqələrinə sahib olması qətiyyən nəzərə alınmadan, rüşvətxorluq və hər hansı digər korrupsiya əməlinə yol vermiş istənilən məmur ifşa olunur və dərhal ciddi şəkildə cəzalandırılır. Ölkədə həm iqtisadiyyatın, həm də ictimai-siyasi həyatın daha da şəffaflaşdırılması, korrupsiya mərəzinin kökünün kəsilməsi məqsədilə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü, qətiyyətli addımlar atılır. Artıq heç bir rüşvətxor məmur, kiminsə kölgəsinə sığındığından, özünün cəzasız qala biləcəyinə inanmır. Əgər qanunu pozdunsa, yalnız vaxt amili müəyyən rol oynaya bilər. Yəni indi, yaxud az sonra, amma istənilən halda yaxalanacaqsan və cəzanı alacaqsan.
Təbii ki, ölkədə yaranmış bu vəziyyət xalqı, geniş ictimaiyyəti birmənalı olaraq məmnun edir və xalq istənilən halda öz Prezidentinin arxasındadır. Lakin bu durumdan narahat olan, özünü güvənsiz və çarəsiz hiss edən qüvvələr də yox deyil. Belə olan halda həmin qüvvələr tərəfindən əks-tədbir kimi müəyyən addımların atılacağı da məntiqə uyğundur. Məsələn, belə addımlardan biri kimi, ictimaiyyətə yanlış hədəflərin təqdim olunmasını nəzərdən keçirmək olar. Diqqət etsək görərik ki, ölkədə korrupsiya əleyhinə tədbirlərin gücləndirildiyi bir zamanda, bu xüsusda cərəyan edən proseslərə paralel olaraq, bəzi mətbu orqanlarının səhifələrində müxtəlif insanlara qarşı intensiv “qara piar” kampaniyaları aparılır. Aydındır ki, bu insanlar sıravi vətəndaşların deyil, cəmiyyətdə kifayət qədər tanınan və müəyyən nüfuza sahib olan dövlət və ictimai xadimlərin, iş adamlarının və bir çox digər sahələri təmsil edən insanların arasından məqsədyönlü şəkildə seçilirlər. Bu insanlar müxtəlif sahələri təmsil etdikləri üçün müəyyən məsələlərə baxış nəzərindən aralarında fikir ayrılıqları, fərqli yanaşmalar da ola bilər. Amma bütün bu insanlara xas olan və onları qaragüruhçuların gözündə hədəfə çevirən bir ümumi və dəyişməz cəhət vardır ki, bu da həmin insanların dövlətimizə və ölkə rəhbərliyinə olan sonsuz sədaqətləridir!
Bəli, məhz bu insanları qaralamaq, onlara ləkə yaxmaqla korrupsiya ilə mübarizə tədbirlərindən əsil narahat olan qüvvələr bəlkə də aranı qarışdırmaq və həqiqi hədəfləri ictimaiyyətin və əgər mümkün olarsa, hətta dövlətin belə diqqətindən yayındırmaq kimi məqsədlərinə nail olmağa çalışa bilərlər. O cümlədən, son günlər bəzi saytlarda barəsində böhtan xarakterli yazıların dərc olunduğunu müşahidə etdiyimiz ictimai xadimlərdən biri də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisinin deputatı Səttar Möhbalıyevdir. Sözsüz ki, Səttar müəllimin ölkəmizdə yürüdülən xarici və daxili dövlət siyasətinə hər zaman və birmənalı olaraq loyal mövqelərdən çıxış etməsi, rəhbərlik etdiyi qurumun fəaliyyətini dövlətçıliyimizə sədaqət prinsipləri əsasında qurması, öz işinə hər zaman yüksək prinsipiallıq və məsuliyyətlə yanaşması həm geniş ictimaiyyətə, həm də ölkə rəhbərliyinə kifayət qədər yaxşı məlumdur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına rəhbərlik etdiyi 27 il ərzində də Səttar Möhbalıyev bircə dəfə olsun belə bu prinsiplərdən kənara bircə addım atmamışdır. Hətta AHİK-nın fəaliyyətində artıq tarixə çevrilmiş səhifələri yenidən vərəqləmədən, sadəcə son bir neçə ayda cərəyan edən proseslərə nəzər salmaqla da bu qurumun Ölkə Prezidenti cənab İlham Əliyevin bütün çağırışlarına dərhal və necə böyük təşəbbüskarlıqla cavab verdiyinə əmin olmaq olar. Məhz dövlət başçımızın bu çağırışına qoşularaq və dəstək olaraq, ölkədə elan olunmuş xüsusi karantin rejimi dövründə Azərbaycan həmkarlar ittifaqı təşkilatları tərəfindən koronavirusla mübarizəyə və eyni zamanda dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə ümumilikdə 4.204.445 manatdan çox vəsait xərclənmişdir və bu tədbirlər hazırda da davam etdirilir.
Ayrıca olaraq demək lazımdır ki, Səttar Möhbalıyev həm Azərbaycanda, həm də ölkəmizin hüdudlarından kənarda kifayət qədər tanınmış elm adamı, ziyalı bir insandır.
Qısa arayış:
Səttar Möhbalıyev 1998-ci ildə iqtisad elmləri namizədi, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 22 aprel 2005-ci il tarixli qərarı ilə İqtisad Elmləri Doktoru alimlik dərəcəsi almışdır.
Azərbaycan Respublikasını Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2 aprel 2010-cu il tarixli qərarı ilə Ümumi İqtisadiyyat Kafedrası üzrə Professor elmi adına layiq görülmüşdür.
2013-cü ildən Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, eləcə də Rusiya Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 2019-cu ildə Türk dünyasında mədəniyyətə, təhsilə, sənətə və ədəbiyyata göstərdiyi dəstəyə görə və Mahmud Kaşqarinin 1000 illiyi ilə əlaqədar Mahmud Kaşqari adına Beynəlxalq Fondunun mükafatı və medalı ilə təltif olunmuşdur.
2019-cu ildə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Mükafat Komitəsinin (Cenevrə, İsveçrə) qərarı ilə görkəmli mütəfəkkir Qotfrid Vilhelm Leyblis medalı ilə təltif olunmuş və «Elm və Sülh Səfiri» Beynəlxalq Fəxri adına layiq görülmüşdür.
2020-ci il tarixdə Dünya iqtisadiyyatı və mədəniyyəti sahəsində xidmətlərinə görə «Avropa Lideri Ulduzu» ordeni və «İlin ictimai xadimi» Beynəlxalq Fəxri adı ilə təltif olunub.
Elmi məqalələr və bir sıra dərsliklərin – «Azərbaycan bu gün: Məşğulluq və sosial tərəfdaşlıq problemləri», «Keçid dövründə dirək bazarı və məşğulluq siyasəti», «Dirək bazarı, məşğulluq və işsizliyin elmi – nəzəri əsasları», «Beynəlxalq Dirək Təşkilatı: tarixi, strukturu və Azərbaycanla əlaqələri», «Dirək bazarı və əhalinin sosial müdafiəsi» və digər kitablarının müəllifidir.
Əlbəttə, bütün bu deyilənlər bir daha sübut edir ki, ölkəmizdə aparılan “təmizləmə” işlərindən narahat olan qüvvələr düzənlədikləri şər və böhtan kampaniyalarına hədəf olaraq heç də təsadüfi insanları deyil, əksinə xalqın və ictimaiyyətin kifayət qədər tanıdığı və güvəndiyi simaları seçirlər. Bunda əsas məqsəd isə, dediyim kimi, ictimai fikri azdırmaq və əsil düşmənlərdən diqqəti yayındırmaqdır. Bizim də borcumuz bu kimi cəhdlərin qarşısını almaq üçün əsil həqiqətləri geniş ictimaiyyətə olduğu kimi çatdırmaqdan ibarətdir.
Sonda bir daha bütün həmkarlarımıza müraciət edərək, hər kəsi bu qarşıdurmada doğru mövqeylərdə durmağa və heç bir kənar qüvvələrin əlində alət olmamağa çağırırıq.
Azər Məmmədov
AİA.Az