
Bakı. Trend:
Bədii gimnastika üzrə Avropa kuboku yenidən Bakı şəhərində
keçirilir və paytaxt bir daha gimnastika bayramına ev sahibliyi
edir. Bu mötəbər yarışda 32 ölkədən 135 böyüklər və 62 gənc gimnast
iştirak edərək öz ustalıqlarını nümayiş etdirirlər.
Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın ilk
günündə, təsnifat mərhələsində gənc gimnastlar fərdi proqramda
müxtəlif alətlər üzrə çıxışlarını təqdim ediblər. Qrup hərəkətləri
proqramında isə komandalar çoxnövçülük üzrə performanslarını
sərgiləyiblər. Arenada ilk gündən etibarən yalnız idman deyil,
incəsənət və zərifliyin harmoniyası nümayiş olunub.
Təsnifat mərhələsinin sonunda ən yüksək nəticə göstərən 8
ölkənin fərdi gimnastları müəyyənləşib və onlar sabah komanda
şəklində çarpaz qarşılaşmalarda mübarizəni davam etdirəcəklər.
Kubokda yalnız fərdi gimnastlar deyil, böyüklər yaş
kateqoriyasında qrup hərəkətləri komandaları da çarpaz formatda
yarışaraq qalibiyyət uğrunda mübarizə aparacaqlar.
Tədbirin rəsmi açılış mərasimində çıxış edən Avropa
Gimnastikasının prezidenti, Azərbaycan Respublikasının gənclər və
idman naziri Fərid Qayıbov Bakının bu il idman paytaxtı seçildiyini
və mötəbər idman tədbirlərinə ev sahibliyi etdiyini vurğulayıb.
Nazir, həmçinin qeyd edib ki, bədii gimnastika ölkəmizdə maraq
doğuran idman növlərindən biridir və bu cür turnirlər idmançıların
təcrübə qazanması baxımından böyük əhəmiyyət daşıyır.
Açılış mərasimi daha sonra bədii hissə ilə davam edib və
tamaşaçılara unudulmaz anlar yaşadıb.
Milli Gimnastika Arenası növbəti üç gün ərzində də zərifliyin,
estetikanın və yüksək ustalığın ən möhtəşəm anlarına şahidlik
etməyə davam edəcək.

