
Bakı. Trend:
Azərbaycanın qələbələrlə zəngin idman salnaməsinin bu
günlərdə daha bir qürur doğuran səhifəsi yazıldı. Albaniyanın
paytaxtı Tiranada keçirilən Avropa çempionatında idmançılarımızın
yunan-Roma, sərbəst və qadın güləşi üzrə fəxri kürsünün ən yüksək
pillələrinə yüksəlmələri, komanda hesabında birinci yerə çıxmaları
hər birimizi dərindən sevindirdi. Bu tarixi uğur respublikamızda
güləşin ənənəvi idman növü kimi uğurla inkişafda olduğunu nümayiş
etdirir.
Aprelin 30-da Prezident İlham Əliyevin Avropa çempionatında
komanda hesabında Avropa çempionu olan idmançılarımızı və onların
məşqçiləri ilə görüşü, onları bu tarixi uğur münasibətilə təbrik
etməsi hər şeydən əvvəl Azərbaycan dövlətinin həyata keçirdiyi
mütərəqqi idman siyasətindən xəbər verir. Ümumiyyətlə, Prezident
İlham Əliyevin idmançılarla görüşləri müntəzəm xarakter daşıyır.
İdmançılarımız hər dəfə beynəlxalq yarışlardan vətənə qələbə ilə
qayıdanda Prezident İlham Əliyev onları qəbul edərək şəxsən
təbriklərini çatdırır. Belə görüşlər idmançılar və məşqçilər üçün
əlavə stimul hissi yaradır, onların gələcək uğurlar üçün
motivasiyasını artırır. Eləcə də hər ilin axırında Prezident İlham
Əliyevin idman ictimaiyyətinin nümayəndələri ilə artıq ənənəyə
çevrilən görüşlərinin keçirilməsi mühüm ictimai-siyasi hadisə kimi
yadda qalır.
Prezident İlham Əliyevin Avropa çempionatından qələbə ilə vətənə
dönən güləşçilərimizlə görüşü də idmana dövlət qayğısının təcəssümü
olmaqla yanaşı, idmançılarımızı yeni yüksək nəticələr əldə etməyə
ruhlandıran mühüm hadisədir. Güləşçilərimizi təbrik edən Prezident
İlham Əliyevin qeyd etdiyi kimi bu qələbə bütün xalqımızı
sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf
edir:
“Bu qələbə bizim hamımızı sevindirdi. Azərbaycan
güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər.
Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki,
böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada,
həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox
ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və
mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və
görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək
rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün
xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla
inkişaf edir”.
Güləşçilərimizin Avropa çempionatında komanda hesabında çempion
olması təsadüfi nəticə deyil. Bu uğur, eləcə də idmanın digər
növləri üzrə əldə olunan nəticələr respublikamızda həyata keçirilən
məqsədyönlü idman siyasətinin, idman infrastrukturunun
yaradılmasının, peşəkar hazırlıq sisteminin məntiqi nəticəsidir.
İdmanın yüksəlişi və kütləviləşməsi, Olimpiya hərəkatının geniş
vüsət alması Azərbaycanın inkişaf strategiyasına uyğun olaraq
dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu Öndər
Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilən bu siyasətin nəticəsi olaraq
respublikamızın idman tarixinin şərəfli səhifələri yazılıb.
Prezident İlham Əliyevin həm də Azərbaycan Milli Olimpiya
Komitəsinə rəhbərlik etməsi ölkəmizdə idmanın və Olimpiya
hərəkatının inkişafına təsir edən faktordur. Təsadüfi deyil ki,
indiyə qədər idmançılarımız bütün Yay Olimpiya Oyunlarından vətənə
medallarla dönüblər. İdmanın bir çox növləri üzrə Azərbaycan
idmançıları dünya və Avropa çempionatlarında birinci yerə çıxaraq
himnimizi səsləndirib, bayrağımızı ucaldıblar. Prezident İlham
Əliyevin güləşçilərlə görüşdə dediyi kimi həm Olimpiya Oyunlarında,
həm də dünya və Avropa çempionatlarında bizim idmançılarımız
ölkəmizi ləyaqətlə təmsil edirlər.
Bu gün Azərbaycan yalnız regionda deyil, dünyada ən modern idman
infrastrukturuna malik olan dövlətlərdən biridir. Prezident İlham
Əliyevin inkişaf strategiyasının və idman siyasətinin nəticəsi kimi
Bakıda, respublikamızın digər şəhər və rayonlarında möhtəşəm idman
qurğuları, Olimpiya İdman Kompleksləri inşa olunub. Buna görə
respublikamız indiyə qədər çoxsaylı mötəbər turnirlərə, dünya və
Avropa çempionatlarına, o cümlədən Yay Olimpiya Oyunları
standartlarına uyğun olan Birinci Avropa Oyunları, IV İslam
Həmrəyliyi Oyunları kimi beynəlxalq yarışlara ev sahibliyi edib.
Hətta artıq respublikamızda qış idman növlərindən olan xizək
yarışları da keçirilir. Bu yarışların hər birində Azərbaycan ev
sahibliyinin ən mükəmməl nümunələrini yaradıb. Eyni zamanda bu
idman hadisələrinin hər biri Azərbaycanı dünyada həm də idman
dövləti kimi tanıdıb.
Azərbaycanı idman dövləti kimi tanıdan amil əlbəttə ki, həm də
idmançılarımızın beynəlxalq yarışlardakı nailiyyətləridir.
Prezident İlham Əliyevin idman siyasətinin nəticəsi kimi
respublikamızda idmana maraq daha da yüksəlib, uşaqların,
yeniyetmələrin və gənclərin idmanla məşğul ola bilmələri üçün ən
müasir standartlara uyğun şərait formalaşdırılıb. Nəticə etibarilə
bir çox perspektivli yeniyetmə və gənclərimiz idmanın müxtəlif
növləri üzrə özlərini təsdiq edə biliblər.
İdman həm də insanda yüksək mənəvi keyfiyyətlər formalaşdırır.
Atalarımız da “Sağlam bədəndə sağlam ruh olar” deyib. Yüksək
nəticələr göstərən idmançılar isə həm də hər bir cəmiyyət üçün
nümunə sayılırlar. Prezident İlham Əliyevin güləşçilərlə görüşdə
toxunduğu məsələlərdən biri də məhz bununla bağlı oldu. Prezident
İlham Əliyevin qeyd etdiyi kimi çempionların cəmiyyətdə yüksək
mənəvi keyfiyyətlər nümayiş etdirmələri medallardan heç də az
əhəmiyyət daşımır. Prezident İlham Əliyevin Milli Olimpiya
Komitəsinə rəhbərlik etdiyi dövrdə belə halların baş vermədiyini
qürurla qeyd etməsi isə bütövlükdə xalqımızın yüksək mənəvi
keyfiyyətlərindən xəbər verir.
Azərbaycan gəncləri Vətən müharibəsində Prezident, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan
azad edən qəhrəmanlardır. Mötəbər yarışlarda qazanılan qələbələr
isə döyüş meydanındakı zəfərimizin idman meydanındakı davamıdır.
Prezident İlham Əliyevin güləşçilərlə görüşdə qeyd etdiyi kimi
idmançılarımızda qələbə əzmi çox güclüdür, qalib dövlət və qalib
xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları
ilə fəxr edir. Əminliklə deyə bilərik ki, idmançılarımız bundan
sonra da öz qələbələri ilə xalqımızı sevindirəcək, Azərbaycanı hər
zaman zirvələrə ucaldacaqlar.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı

