
Bakı. Trend:
Mayın 14-də “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin
sədri Samir Rzayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş
Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus
Auld ilə səlahiyyət müddətinin başa çatması münasibətilə görüş
keçirib.
Trend xəbər
verir ki, bu barədə İdarə Heyətinin sədri Samir Rzayevin “Facebook”
hesabında paylaşım edilib.
Bildirilib ki, görüş zamanı AZAL ilə Böyük Britaniya arasında
aviasiya sahəsində formalaşmış səmərəli əməkdaşlıq müzakirə
edilib:
“Xüsusilə hava hərəkətinin idarə olunması sahəsində əməkdaşlıq
və aviasiya təlim infrastrukturu üzrə mövcud tərəfdaşlıqlar
ətrafında fikir mübadiləsi apardıq. Eyni zamanda, beynəlxalq hava
əlaqələrinin turizmin inkişafında və iqtisadi artımda oynadığı
mühüm rolu müzakirə etdik. Hazırda Heydər Əliyev Beynəlxalq
Aeroportuna 40 aviaşirkətin uçuş həyata keçirməsi Azərbaycanın
artan əlaqələrinin göstəricisidir.
Fergus Aulda ölkələrimiz arasında əməkdaşlığın inkişafına
verdiyi töhfəyə görə təşəkkür edirəm və gələcək fəaliyyətində
uğurlar arzulayıram”.

