AHİK-in «Yeni Müsavat»a verdiyi açıqlamada əsil həqiqətlər əks olundu

AKTUAL Gündəm

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) son günlər mətbuatda qurumun sədri barədə və ümumi fəaliyyətləri ilə bağlı gedən yazılara münasibət bildirib.

Qurumdan Musavat.com-a göndərilən məlumatda qeyd olunub ki, mətbuatda yazılanlar həqiqəti əks etdirmir.

Həmin məlumatı təqdim edirik:

“Hesab edirik ki, bizim fəaliyyətimiz ilə bağlı rəy bildirməmişdən əvvəl gördüyümüz işlər, ölkəmizin ictimai-siyasi həyatındakı mövqeyimiz, beynəlxalq miqyasda nüfuzumuz və digər nailiyyətlərimizlə tanışlıq daha məqsədəuyğun olardı.

Həmkarlar ittifaqlarının fəaliyyətini tənzimləyən ən başlıca sənəd «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikası Qanunudur.

Bu qanun məhz bizim tərəfdən hazırlanıb və Milli Məclisdə qəbul edilib. Qanun qəbul edilməmişdən əvvəl beynəlxalq ekspertlər tərəfindən baxılıb, ona yüksək qiymət verilib. Məlumat üçün bildiririk ki, bu Qanun ulu öndər H.Əliyevin hakimiyyəti dövründə qəbul edilib. Bu illər ərzində Qanuna çoxsaylı dəyişikliklər olunub, daha da təkmilləşdirilib, həmkarlar ittifaqlarının hüquqları genişləndirilib.

Digər bir hüquqi sənəd isə Nazirlər Kabineti, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında hər il üçün bağlanan Baş Kollektiv Sazişdir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən layihəsi hazırlanan Baş Kollektiv Saziş nəinki AHİK, eyni zamanda hökumət və işəgötürənlərin birgə fəaliyyətini tənzimləyən, tərəflərin öhdəliklərini, sosial-iqtisadi inkişafın perspektivlərini əks etdirən bir sənəddir. Saziş iqtisadi siyasət, əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi, əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatı, sosial müdafiəsinin gücləndirilməsi, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, ekoloji təhlükəsizlik, sosial partnyorların fəaliyyətinin əlaqələndirilməsi kimi məsələləri əhatə edir”.

Qeyd edilib ki, hər il Baş Sazişin yerinə yetirilməsi üzrə hesabatlar hazırlanır və nəticələr müzakirə edilir:
“Bir çox qanunlara dəyişikliklər, Beynəlxalq Konvensiya və tövsiyələrin ratifikasiyası məhz Baş Kollektiv Sazişdə nəzərdə tutulur və sonradan müvafiq qurumlar tərəfindən qəbul edilir.

AHİK-in fəaliyyəti həm ölkə başçısı, həm də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Ümumhəmkarlar İttifaqları Beynəlxalq Birliyi AHİK-in fəaliyyətini nümunə olaraq tanımış və öz qərarı ilə MDB məkanında tətbiq olunmasını tövsiyə edib.

Mətbuatda yer alan məqalədə bildirilir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ildə 50 milyon manata yaxın vəsait köçürülür. Əslində, bu, Konfederasiyaya deyil, ümumi həmkarlar ittifaqları təşkilatlarına ödənilən üzvlük haqlarının miqdarıdır.

Həmkarlar ittifaqı üzvlərindən toplanan bu üzvlük haqları sahə həmkarlar ittifaqı təşkilatlarının Nizamnamələri və ya Məclislərinin qərarları və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası qurultayının və ya Məclisinin qərarı ilə aşağıdakı kimi bölüşdürülür:

Toplanmış üzvlük haqlarının 63%-i ilk həmkarlar ittifaqı təşkilatında – yerlərdə qalır, 25%-i sahə həmkarlar ittifaqları Respublika Komitəsinin, yalnız 12%-i Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hesabına köçürülür. Həmkarlar ittifaqı təşkilatlarında toplanmış üzvlük haqlarının xərclənməsi həmin təşkilatların müvafiq kollegial orqanlarının təsdiq etdiyi smetaya uyğun olaraq həyata keçirilir. Toplanılan vəsaitin 8 milyon 262 min manatı yalnız 2019-cu il ərzində həmkarlar ittifaqı üzvlərinə maddi yardım kimi verilib”.

Qeyd olunur ki, hər il 120 «20 Yanvar» şəhidi ailəsinə maddi yardım göstərilir:

“Həmin şəhidlərin övladları AHİK tərəfindən himayəyə götürülmüş, 18 yaşına çatana kimi onlara müavinət ödənilib. Bundan əlavə həmkarlar ittifaqları tərəfindən Qarabağ döyüşləri şəhidlərimizin övladları da himayəyə götürülüb.

AHİK İcraiyyə Komitəsinin avqustun 13-də keçirilmiş iclasının qərarı ilə Ermənistan Respublikasının Azərbaycana qarşı törətdiyi təcavüz və təxribatlar (2-5 aprel 2016-cı il və 12-14 iyul 2020-ci il) zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəhid olmuş 23 hərbi qulluqçunun 41 övladı 18 yaşına çatanadək himayəyə götürülüb. Həmkarlar ittifaqları tərəfindən şəhid ailələrinin hər bir övladına 18 yaşına çatanadək ayda 150 manat məbləğində yadım ödəniləcək. Təkcə bu məqsədlər üçün 1 milyon 500 min manata yaxın vəsait xərclənəcək.

Yeri gəlmişkən son 5 ildə həmkarlar ittifaqı təşkilatları tərəfindən həmkarlar ittifaqı üzvlərinə göstərilən maddi yardımların həcmi 52,7 milyon manat olmuşdur.

COVID-19 infeksiyası zamanı xüsusi karantin rejimi dövründə həmkarlar ittifaqları öz imkanları daxilində Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə, tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə maddi dəstək göstərmişdir.

Ümumiyyətlə Azərbaycan həmkarlar ittifaqı təşkilatları tərəfindən koronavirusla mübarizəyə və eyni zamanda dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə 4.533.524 manatdan çox vəsait xərclənib. Bu tədbirlər hazırda da davam etdirilməkdədir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Koronavirusla Mübarizəyə Dəstək Fonduna 250 min manat və Naxçıvan Muxtar Respublikasında koronavirusla mübarizəyə dəstək üçün 200 min manat vəsait köçürüb. Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə 205 min manat, eyni zamanda COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına 10.000 manat köçürülüb.

AHİK və onun tabeliyində olan təşkilatlar tərəfindən yaradılan mobil qruplar bu dövr ərzində 29.588 aztəminatlı ailəyə 1.305.748 manatlıq, o cümlədən 76 şəhər və rayonda yaşayan 3900 aztəminatlı ailəyə 68 ton ərzaq sovqatları paylamış, 28348 nəfərə imkansız həmkarlar ittifaqı üzvlərinə 1.959.881 manat məbləğində maddi yardım göstərmiş, karantin rejimində istifadə edilməsi üçün həmkarlar ittifaqı təşkilatları üzvlərinə 351 min 056 manatlıq qoruyucu vasitələr paylanıb”.

Bildirilib ki, koronavirusla mübarizədə əsas ağırlığın səhiyyə işçilərinin üzərinə düşdüyünü nəzərə alaraq bu kateqoriyadan olan işçilərin pandemiya dövründə sosial problemlərinin həllinə xüsusi diqqət yetirilib:

“Səhiyyə sahəsində fədakarcasına çalışan 4699 tibb işçisi ailəsinə 164.157 manat, 12.443 nəfər tibb işçisinə isə 743.112 manat maddi yardım edilib. 138.675 ədəd qoruyucu vasitə paylanıb. Qoruyucu vasitələrin alınmasına 113.085 manat sərf edilib.

Məqalə müəllifi AHİK sədri S.Möhbalıyevi, deputat kimi, Milli Məclisdə həmkarlar ittifaqı ilə bağlı problemlərə “laqeydlikdə” günahlandırır. Xatırladırıq ki, nəinki həmkarlar ittifaqına dair, ümumilikdə sosialyönümlü qanun layihələrinin hazırlanması prosesində təşkilatımızın ekspertləri fəal iştirak edir. Layihələr müvafiq sahə həmkarlar ittifaqında öyrənilir və ona münasibət bildirilir. Sahə Hİ-lərdən gələn təkliflər nəzərə alınmaqla, layihələr ətrafında müzakirələr aparılır, yekun təkliflər hazırlanıb müvafiq orqanlara göndərilir.

Nəzərə almaq lazımdır ki, AHİK dövlət səviyyəsində sosial-iqtisadi məsələlərlə bağlı yaranan bir çox komissiyaların işində yaxından iştirak edir və öz təkliflərini verir. Onların böyük əksəriyyəti də nəzərə alınır. Digər tərəfdən Milli Məclisin müzakirəsinə verilən sosialyönümlü qanun layihələri qabaqcadan AHİK-in üzv olduğu Milli Üçtərəfli Komissiyada müzakirə olunur.

Məhz S.Möhbalıyevin təşəbbüsü və gərgin, əgər belə demək mümkünsə, mübarizəsi sayəsində dəfələrlə Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə həmkarlar ittifaqlarının fəaliyyətinin səmərəsini qat-qat artıran əməkçilərin xeyrinə olan 100-dən çox əlavə və dəyişikliklər edilib.

Qəzet yazır: «Seçmə yolla götürülmüş Bakı şəhərində yerləşən təhsil müəssisələrinin və tibb ocaqlarının heç birində həmkarlar təşkilatının yığıncaqları bir qayda olaraq keçirilmir». Əvvəla «seçməni» kim və nə vaxt aparıb?
Aparılıbsa müxbir heç olmasa, konkret bir müəssisənin adını çəkə biləcəkmi? Təbii ki, yox. Çünki iddiası həqiqət yox, uydurmadır.

Sual veririk ilk təşkilatlar əməyin mühafizəsindən tutmuş, mədəni tədbirlərə, işçilərin istirahətinə və sair məsələlərə dair problemləri bəs harada müzakirə edir və ümumi qərar verir?

AHİK və üzv təşkilatlar, hökumət və işəgötürənlərin sosial tərəfdaşı olaraq, gənc nəslin nə düşündüyünü, dəyərlər yönümünü, iqtisadi vəziyyətini, istehsalatda, yaradıcılıqda, hərbdə, təhsildə, elmdə davranışını təhlil edir. Həmkarlar ittifaqı dövlət proqramları, beynəlxalq layihələr və müvafiq fəaliyyət planlarının icrasında da fəal iştirak edir, problemlərin həllindəki müsbət nəticələri öyrənir.
Həmkarlar ittifaqlarında keçirilən çoxçaylı müsabiqələr, özfəaliyyət kollektivlərinin festivalları, viktorinalar, hərbçilərlə görüşlər, onlara yardımların göstərilməsi və digər tədbirlər görülən işlərin az bir hissəsidir.

Biz gənclərin istehsalata həm fəal ictimaiyyətçi, həm də ixtisaslı kadr kimi hazırlığı işində stimullaşdırma metodlarından da istifadə edirik. «Bu – mənim peşəmdir» başlığı altında foto, təsviri və tətbiqi sənət üzrə, «Gənclərlə iş üzrə ən yaxşı ilk həmkarlar ittifaqı təşkilatı adı uğrunda» Respublika baxış-müsabiqələri, «Gənclərin liderlik məktəbi» və «Gender bilikləri və texnologiyası məktəbi» layihələri bu qəbildəndir. Gənclərin həmkarlar ittifaqı üzvlüyünə motivasiyasının gücləndirılməsi məqsədilə «İlin peşəkar gənci» fəxri adı təsis edilib. İlin nəticələrinə görə əməkdə, təhsildə və ictimai fəaliyyətdə nailiyyətlər qazanmış 258 gənc bu ada layiq görülüb. AHİK bütün gəncləri inkişaf strategiyası çərçivəsində yeni ideyalarını ortaya qoymağa, Gənclər forumlarının keçirilməsinə çağırıb. Bu kimi tədbirlər həm də müasir dövrdə gənclər siyasətinin prioritetlərinin dəqiqləşdirilməsi, problemlərinin həlli yollarının araşdırılması, gənc liderlər arasında təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətlidir.

AHİK ölkənin Silahlı Qüvvələrinə daim mədəni hamilik köməyi göstərir. Müdafiə Nazirliyinin C.Naxçıvanski adına hərbi liseyi 2000-ci ildən mədəni hamiliyə götürülüb. Burada müxtəlif mədəni-kütləvi tədbirlər, bədii özfəaliyyət kollektivlərinin konsertləri, maraqlı sənət adamları ilə görüşlər keçirilir. Hər il liseydə istedadlı gənclərin üzə çıxarılması məqsədilə «Azərbaycan əsgəri» bədii-qiraət müsabiqəsi, «Vətənə xidmət edirik» rəsm müsabiqəsi, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr edilmiş idman yarışları təşkil olunur. Qaliblərə AHİK-in Diplomu və qiymətli hədiyyələri verilir. Hər il təhsil ilinin yekunlarına görə, yüksək göstəricilər qazanan və əla qiymətlərlə oxuyan, liseyin ictimai həyatında fəal iştirak edən kursantlar həmkarlar ittifaqlarının pul mükafatları ilə təltif olunurlar.

Biz ali məktəb tələbələrinin tədrisdə uğurlar qazanmasına, fəal ictimaiyyətçi kimi yetişməsinə nail olmaqdan ötrü «Adlı təqaüd» təsis etmişik. Ölkənin, demək olar ki, bütün ali məktəblərininin 2459 tələbəsi «Adlı təqaüd»ə layiq görülüb. Qaliblərə pul mükafatı, Fəxri fərmanlar verilib.

16 ali məktəbdə aztəminatlı ailələrdən olan 300-dək tələbənin nahar xərclərini həmkarlar ittifaqı öz üzərinə götürüb”.

Açıqlamada bildirilib ki, hər il 100-ə yaxın imkansız tələbənin təhsil haqlarının 30%-i, bəzilərinin isə 100%-i həmkarlar ittifaqı tərəfindən ödənilir:
“Bundan əlavə Təhsil Nazirliyinin nəzdində yaradılmış Tələbə Kredit Fonduna həmkarlar ittifaqları tərəfindən yarandığı vaxtdan 250 min manata yaxın vəsait köçürülüb.

İttifaq üzvlərinin istirahət və müalicə məsələlərini də həmkarlar ittifaqı daimi diqqətdə saxlayır. Yay mövsümlərində həmkarlar ittifaqı təşkilatları tərəfindən Nabranda fəaliyyət göstərən «Xəzər»,«Şahdağ», «Palma», «Xan Çinar», «Creen Will», «Lokomotiv», «Rabitəçi», «Ülfət», «Təhsil», «Long forest», Qusar rayonunda yerləşən «Park Qusar», «Xutorok», «Şəfa-Qusar», «Qayı Bulaq», İsmayıllı rayonunda yerləşən «Qaya», «Qızıl Qaya», Qəbələ rayonunda yerləşən «Duyma», «Semerana», Qax rayonunda yerləşən «Şəfa», «Eden», Lerik rayonunda yerləşən «Meşəbəyi», «Relax», Lənkəran rayonunda yerləşən «Palıdlı Sahil», «İsti-su», Masallı rayonunda yerləşən «Şəfa», «Qala» istirahət müəssisəsilərinə, bazalarına və s. obyektlərə yollayışlar alınıb ittifaq üzvlərinə verilib.

Bundan əlavə, ehtiyacı olanlar yollayışlarla «Kurort» QSC-nin tabeliyində olan «Bilgəh», «Abşeron», «Şıx», «Qaranquş», «Günəşli», «Naftalan» sanatoriyalarına, «Şəki» istirahət müəssisəsinə, «Çinar», «Qala-altı», «Naftalan» sanatoriyalarına göndərilib. İttifaq üzvləri aldıqları yollayışların dəyərinin yalnız 15%-ni ödəyirlər. Qalan 85%-i həmkarlar ittifaqı büdcəsinin vəsaitləri hesabına, bir qismi məcburi dövlət sosial sığorta vəsaiti hesabına ödənilir.

Yollayışlardan ötrü ayrılan pul vəsaitini konkret rəqəmlərlə ifadə etsək deməliyik ki, təkcə 2018-2019-cu illərdə sosial sığorta və həmkarlar ittifaqı büdcəsi vəsaiti hesabına 132494 nəfərin müalicə və istirahəti həmin olunub, bundan 8000 nəfərin müalicə və istirahəti tam güzəştlə, yəni pulsuz, 70000 nəfərin isə yollayışın dəyərinin 15 faizi ödənilməklə təşkil edilib.

Yollayışları işçilər işlədikləri müəssisələrdə ilk həmkarlar ittifaqı təşkilatlarından alırlar.
Yollayışların sahələr üzrə müvafiq normativlərə uyğun olaraq bölgüsü Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsində təsdiq olunur.

Sahə həmkarlar ittifaqı təşkilatları sanatoriya-kurort və istirahət müəssisələrindən yollayışları qaimələr əsasında alaraq ilk həmkarlar ittifaqı təşkilatları arasında bölüşdürürlər. İlk həmkarlar ittifaqı təşkilatları yollayışları sahə həmkarlar ittifaqı Respublika Komitələrindən aldıqları etibarnamələrə əsasən, qaimələr üzrə, komitəyə daxil olan ərizələrə uyğun təqdim edirlər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən birbaşa olaraq vətəndaşlara yollayışlar verilmir.

Məlumat üçün deyək ki, həmkarlar ittifaqlarına daxil olmuş üzvlük haqlarının 30%-i mədəni-kütləvi tədbirlərin keçirilməsinə, o cümlədən işçilərin və onların ailə üzvlərinin sanatoriya-kurort və istirahət müəssisələrində müalicə və istirahətlərinin təşkilinə xərclənir. Yeni il, Novruz bayramı şənliklərində işçilərin uşaqları üçün tədbirlərin keçirilməsinə və onlara verilən pulsuz hədiyyələrə və sair məsələlərə sərf olunur.

Toplanmış üzvlük haqlarının 10 faizi ehtiyacı olan ittifaq üzvlərinə maddi yardımların göstərilməsinə, qalan hissəsi isə kütləvi idman tədbirlərinə, sosial xarakterli tədbirlərə və inzibati təsərrüfat xərclərinə yönəldilir.

AHİK-ə daxil olmuş 12% həcmində vəsaitin 20 faizi hesabına «Bilgəh» kardioloji sanatoriyasında əsaslı təmir işləri aparılmış, açıq havada tennis kortu, trenajor avadanlıqları, idman meydançaları quraşdırılıb, «Abşeron» sanatoriyasında, «Günəşli» sanatoriyasında, «Qaranquş» sanatoriyasında, «Xəzər» turist bazasında, Qax rayonunda fəaliyyət göstərən «Şəfa» müalicə pansionatında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Əlavə olaraq qeyd etməliyik ki, sanatoriya və istirahət ocaqlarının çarpayı fondunun 40%-i qədərində qaçqın və köçkünlər məskunlaşmışlar və onlara həmkarlar ittifaqları tərəfindən heç bir dövlət vəsaiti ödənilmədən xidmət göstərilir.

Məhz həmkarlar ittifaqlarının qənaət edilmiş vəsaiti hesabına sahə həmkarlar ittifaqlarının 5 istirahət mərkəzi son illərdə tikilib istifadəyə verilib.
Həmkarlar ittifaqlarının xalq arasında nüfuzunun əsasında onun hər bir üzvlə sıx əlaqəsi, hər bir üzvün hüquqları uğrunda güzəştsiz mübarizəsi durur. Təsadüfi deyil ki, son 5 il ərzində həmkarlar ittifaqı üzvlərindən AHİK-ə və üzv təşkilatlara 786484 ərizə və şikayət daxil olmuşdur.
AHİK və üzv təşkilatlar tərəfindən görülən işlər nəticəsində daxil olan ərizə və şikayətlərin 95.2 faizi müsbət həllini tapıb.

Əmək hüquqlarının pozulması ilə əlaqədar AHİK-ə və üzv təşkilatlara 5 il ərzində daxil olan 18916 müraciətin 3145-i işə bərpa ilə əlaqədardır. Onların da həlli ilə bağlı 97 dəfə məhkəməyə müraciət olunub. Bu müddətdə şikayətçilərin 90 faizi işinə bərpa edilib.

Biz uzun illərdir ki, beynəlxalq həmkarlar ittifaqı hərəkatının ayrılmaz tərkib hissəsinə çevrilmişik. Dünyanın əksər mütərəqqi həmkarlar ittifaqı mərkəzləri ilə, o cümlədən Türkiyə, Fransa, Polşa, Belçika, Yaponiya, İtaliya, Macarıstan, Norveç, İsrail, Bolqarıstan, Litva, Latviya, Çin və MDB ölkələrinin həmkarlar ittifaqları ilə əməkdaşlıq edirik. Son dövrlərdə 10 ölkənin həmkarlar ittifaqı mərkəzləri ilə əməkdaşlıq barədə memorandum, müqavilə imzalamışıq. Özündə dünyanın demokratik həmkarlar ittifaqı mərkəzlərini birləşdirən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, MDB ölkələri həmkarlar ittifaqlarının daxil olduğu Ümum Həmkarlar İttifaqları Konfederasiyasının üzvüyük. AHİK-in sədri isə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının vitse-prezidentidir. Bunu Azərbaycan Həmkarlar İttifaqlarının uğurlu fəaliyyətinə, onun beynəlxalq həmkarlar ittifaqı hərəkatındakı iştirakına verilən yüksək qiymət kimi dəyərləndirmək lazımdır. AHİK-in qurultaylarında bir qayda olaraq 80-dən yuxarı xarici həmkarlar ittifaqlarının nümayəndələri iştirak edirlər.

Qeyd edilib ki, dünya həmkarlar ittifaqlarının aparıcı təşkilatlarından olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bir çox qlobal əhəmiyyətli təkliflərin təşəbbüsçüsü və təşkilatçısı kimi çıxış edib:

“ Dəfələrlə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK), Beynəlxalq Əmək Təşkilatının (BƏT) konfranslarına ev sahibliyi AHİK-ə etibar olunmuşdur. BƏT-in, BHİK-in xətti ilə Bakıda, Gəncədə, Qəbələdə, Kürdəmirdə, Masallıda, Lənkəranda, Mingəçevirdə, Şəkidə və sair şəhər və rayonlarımızda təşkil olunmuş konfrans və seminarlarda bu qurumların məsul şəxsləri, AHİK-in, sahə Hİ mərkəzlərinin mütəxəssisləri mühazirələr oxumuş, həmkarlar ittifaqı kadrlarını dünya həmkarlar ittifaqı hərəkatında gedən proseslər barədə ətraflı məlumatlandırmışlar.

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatlarının İctimai Birliyində (AHİTİB) 9 idman təşkilatı («Məhsul», «Spartak», «Gənclik», «Qarabağ», «Zenit», «Alpinist və Turist», «Şahmat və Dama», «Atilla”, «Pəhləvan») birləşib. Bizi peşəkar idmançı yetişdirməkdən daha çox bədən tərbiyəsində kütləvilik maraqlandırır. İdmanla müntəzəm məşğul olan gənc zərərli vərdişlərə, pis əməllərə qurşanmağa həvəs göstərməz. Həm də fiziki cəhətdən sağlam gənc ruhən də, mənəvi cəhətdən də sağlam olur. Başqa sözlə, dövlətçiliyimizə, xalqımıza xidmət etmək qüdrətində olur. Onu da qeyd etmək lazımdır ki, bədən tərbiyəsinə cəlb etdiyimiz gənclər arasından kifayət qədər Olimpiya, dünya və Avropa çempionatları, birinciliklərinin, beynəlxalq turnirlərin qalibləri çıxıb. Biz idman tədbirlərini ildən-ilə daha genişmiqyaslı, daha kütləvi, daha səmərəli formalarda keçirməkdə davam edirik. Diqqətinizə çatdıraq ki, iki ildən bir Təhsil Nazirliyi ilə birlikdə Universiada keçiririk. Universiadada ali məktəblərin tələbələri idmanın müxtəlif növlərində mübarizə aparırlar. Universiada qurtardıqdan sonra, yəni növbəti ildə kollecdə təhsil alan gənclərin spartakiadası başlanır. Bundan əlavə, idmanın bir neçə növü üzrə çempionatlar da təşkil olunur.

Sonda informasiya məkanımızda hələ də mövcud olan, təəssüf doğuran bir problemə də toxunmaq istəyirik. Mətbuat işçiləri sözə uşaq plastilinlə oynayan kimi yox, zərgər dəqiqliyi ilə yanaşmalıdır. Hər bir mülahizənin, iradın, tənqidin əsasında fakt, həqiqət durmalıdır. Əks halda cəmiyyətimizdə xaos əmələ gələr, yalan həqiqəti üstələyər, inkişafımız sual altında qalar. İnsanların sözə inamı itər”.

Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir