
Bakı. Trend:
Bakı zəngin tarixi irsi qorumaqla yanaşı, innovasiya və
tərəqqini uğurla birləşdirən şəhər nümunəsidir.
Trend xəbər
verir ki, bu fikirləri Esvatini Kralı Əlahəzrət III Msvati
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində
keçirilən Liderlər Sammitində deyib:
“Biz sizin möhtəşəm ölkənizdə həyata keçirilən təsirli inkişaf
və modernləşmənin şahidi olmaqdan məmnunuq. Bakı öz zəngin irsini
qoruyaraq innovasiya və tərəqqini necə birləşdirməyin mümkün
olduğunu nümayiş etdirən bir simvoldur”, – deyə III Msvati qeyd
edib.
Esvatini kralı çıxışı zamanı WUF13 forumunun “Dünya üçün mənzil
təminatı, təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusunun
xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Onun sözlərinə görə, urbanizasiya, mənzil çatışmazlığı və iqlim
dəyişiklikləri bütün ölkələr üçün ortaq çağırışdır və bu
problemlərin həlli üçün dövlətlər, özəl sektor və vətəndaş
cəmiyyəti arasında əməkdaşlıq gücləndirilməlidir.
III Msvati qeyd edib ki, Esvatini hökuməti insan mərkəzli
inkişaf modelini əsas götürərək əlçatan mənzil və sosial
inklüzivlik siyasəti həyata keçirir.
“Forum çərçivəsində aparılan müzakirələr gələcəyin daha
təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərinin qurulmasına töhfə
verəcək”, – deyə Esvatini kralı vurğulayıb.

